Bu gün Qarabağ və Şərqi Zəngəzur həyatının yeni mərhələsini yaşayır

Əliabbas Salahzadə,
Milli Məclisin deputatı


Bu ilin ən mühüm hadisəsi isə Qarabağın tacı, Azərbaycanın döyünən ürəyi Şuşada dünya azərbaycanlılarının bir araya gələrək postmünaqişə dövrünün reallıqlarının qarşıya qoyduğu hədəflərin reallığa çevrilməsində üzərilərinə düşən vəzifələri müzakirə etmələri oldu.

Dövlət başçısı İlham Əliyev Qərbi Azərbaycandan olan ziyalılarla görüşündə də təbliğat işində diasporun fəaliyyətinə xüsusi diqqət göstərdi. “Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər” söyləyən dövlət başçısı İlham Əliyev qeyd etdi ki, həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmalıyıq, necə ki, Qarabağ həqiqətlərini çatdırmışıq. Qərbi Azərbaycan İcmasının xaricdəki fəaliyyəti xüsusi önəm daşımalıdır. Sərgilər, təqdimatlar, beynəlxalq konfranslar keçirilməlidir. Azərbaycanın diaspor təşkilatları ilə birlikdə aksiyalar keçirilməlidir: “Bizim bir çox ölkələrdə diaspor təşkilatlarımız var və bu il biz Şuşada tarixi Azərbaycan diaspor təşkilatlarının qurultayını keçirdik. Xarici ölkələrin siyasi dairələri, mətbuat və qanunvericilik orqanları ilə təmaslar qurulmalıdır. Yəni biz haqlı olaraq öz hüququmuzu tələb etməliyik. Bu, bütün beynəlxalq konvensiyalarda təsbit edilmiş hüquqdur.”

Xarici siyasətində ədalətə və beynəlxalq hüquqa əsaslanan Azərbaycan 30 il dünyaya bu çağırışı etdi ki, bu meyarların tətbiqi üçün vahid mexanizm olmalıdır. Ölkəmiz dünyanın ikili standartlara əsaslanan siyasətində ruhdan düşməyərək daim həqiqətlərimizi faktların dili ilə dünya ictimaiyyətinə çatdırdı. Qarabağ münaqişəsinin bu gün tarixə qovuşmasında, tarixi Zəfərimizdə informasiya cəbhəsində üstünlüyümüz əhəmiyyətli rol oynadı. Belə ki, ölkəmiz bu illər ərzində Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi bazanın yaradılmasına nail oldu. BMT Təhlükəsizlik Şurasının qətnamələrində Qarabağın Azərbaycan ərazisi olduğu öz əksini tapıb. Baxmayaraq ki, bu qətnamələr 30 il kağız üzərində saralaraq həllini gözlədi, amma Azərbaycan sonadək haqqın, ədalətin, beynəlxalq hüququn tərəfində olduğunu nümayiş etdirdi və 44 günlük İkinci Qarabağ müharibəsində Qələbəsi ilə bunu bir daha təsdiqlədi.

Bu gün Qarabağ və Şərqi Zəngəzur həyatının yeni mərhələsini yaşayır. Genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Dövlət başçısı İlham Əliyev məhz qaçqın və məcburi köçkünlərimizin öz doğma yurd-yuvalarına qayıdışlarını önə çəkərək bu ilin avqust ayında Azərbaycan Qaçqınlar Cəmiyyətinin Qərbi Azərbaycan İcmasına çevrildiyini bildirdi və bu inamı ifadə etdi ki, gün gələcək Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar.