Bu gün şəhid ailələri və qazilər tam dövlət qayğısı ilə əhatə olunublar

27 sentyabr 2020-ci il tarixində başlayan və 44 gün davam edən Vətən Müharibəsi bütün dünyaya Azərbaycan xalqının gücünü namayiş etdirdi. 30 ilə yaxın bir dövrdə erməni işğalında olan yurd yerlərimiz işğaldan azad edildi. Elbəttə qələbə bizə asan başa gəlmədi, minlərlə Vətən oğlu bu yolda canını, qanını qurban verib şəhid, neçe-neçə igidimiz yaralanaraq qazi oldu.

Torpaqlarımızın işğaldan azad edilməsi zamanı sağlamlıqlarını itirmiş Qarabağ əlillərinin həyat şəraitinin yaxşılaşdırılması, onların məşğulluq problemlərinin həlli, yeni mənzillər və avtomobillərlə təmin olunması məsələləri daim ölkə başçısı cənab İlham Əliyev tərəfindən diqqət mərkəzində saxlanılır. Bütün bu göstərilən qayğıya, dövlət dəstəyinə görə bizlər ölkə başçısı cənab İlham Əliyevə dərin təşəkkürlərimizi çatdırırıq.

Bildirmək istəyirəm ki, bu gün ağır yaralı olanlar, ölkəmizdə müalicəsi mümkün olmayanlar dövlət hesabına müalicə olunmaq üçün xarici ölkələrə göndərilir. Onların bütün müalicə və əməliyyat xərcləri dövlətimiz tərəfindən qarşılanır.

Müharibə zamanı sağlamlıqlarını itirmiş Qarabağ əlillərinin pensiya təminatının yaxşılaşdırılması istiqamətində qəbul edilmiş qərarlar biz qazilərin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir.

Arzu edirik ki, Azərbaycan xalqı bir daha müharibə sınağı ilə üzləşməsin. Biz qazilər bundan sonra da, Ali Baş Komandanın ətrafında sıx birləşərək Azərbaycanımızın inkişafı, azad edilmiş torpaqlarımızda normal həyat şəraitinin yaradılması istiqamətində görülən işlərə öz töhfəmizi verməyə hazırıq.

 

Əli Mehdiyev,

Vətən müharibəsi iştirakçısı,qazi