Bu sevgi əbədiyyətin cığırdaşı olacaq

Dünyaya Cıdır düzünün genişliyindən boylanan Şuşa. Qafqazın konservatoriyası kimi tanınan qala-şəhər yaranışından dünyanı heyran etmişdi. Neçə-neçə yadellinin hücumlarının qarşı­sı­nı mərdliklə, cəsarətlə almışdı. Kimsəyə bac verməmişdi.

Şöhrətin, qüdrətin, heyrətin, bunları yaşadan məhəbbətin şəhəri olub Şuşa. Hər məhəlləsi bir tarixin yaddaşıdı. Xan qızı Natəvanın, Mir Möhsün Nəvvabın, Seyid Şuşinskinin, Xan Şuşinskinin, Bülbülün, Üzeyir Hacıbəylinin,... ruhuna milli dəyərlərimizin əvvəl ilkinlərini, sonra geniş, çox geniş mahiyyətini Cıdır düzü həkk eləyib...

1992-ci ilin 8 mayında işğal olunmuşdu Şuşa. 28 il gözlərimiz bu gözəl şəhərdən iraq düşmüşdü, ürəyimiz yox. 2020-ci il noyabrın 8-də ordu hissələrimiz Şuşanı işğaldan azad etdi.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Sərəncamı ilə 2022-ci il “Şuşa ili” elan edildi.

Şuşa indi Türk Dünyasının Mədəniyyət Paytaxtı elan olunub. Bu təşəbbüs Şuşaya dünyəvi sevginin təzahürüdür, türk xalqlarının bu qala-şəhərə bəşəri ehtiramının ifadəsidir; Şuşa sevilir, Şuşa sevilə-sevilə daha da gözəlləşir, gözəlləşəcək. Bundan sonra türkdilli xalqların ortaq mədə­niy­yətinin qala-şəhəri kimi də ehtiramlarla əhatələnəcək.

Şuşam mənim! Sənə səni sevənlərin hamısı “Mənim Şuşam!” deyəcək. Bu sevgi əbədiy­yə­tin cığırdaşı olacaq!..

 

Səbinə XASAYEVA,

Milli Məclisin deputatı