Yaqub Zurufçu dünya ölkələrinə iki aylıq qastrola çıxıb

Oktyabrın 21-də Azərbaycanın dünya şöhrətli müğənnisi Yaqub Zurufçu Latın Amerikası ölkələrinə qastrol səfəri çərçivəsində Kanadanın ən böyük şəhərlərindən olan Torontoda (əhalisi 2,6 milyon nəfərdir) böyük konsert proqramı ilə çıxış edib. 
sabahinfo.az xəbər verir ki, uzun illərdir Kanadada fəaliyyət göstərən "Heydərbaba newspaper produktion” rəhbərliyinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilmiş konsertdə görkəmli sənətkar Güney və Quzey Azərbaycanından olan soydaşlarımız qarşısında bəstəkarlarımızın populyar əsərlərini və xalq mahnılarını ifa edib. Anşlaq şəraitində keçən konsertdə müğənnini istedadlı gənc pianoçu Təhminə Sadıqova müşayiət edib.


Hər zaman olduğu kimi, tamaşaçıların xahişi ilə Yaqub Zurufçu özünün məşhur "Ayrılıq” mahnısını da əvəzsiz ifası ilə yenidən səsləndirib.  Görkəmli müğənninin mahnılarından böyük zövq alan tamaşaçılar konsertdən sonra fikirlərini "Yaqub bəyin konserti ürəyimizə məlhəm, gözəl bir hadisə oldu", "Azərbaycan ruhunu duyduq! Çox məmun olduq. Var olsun türk dünyasının böyük sənətçisi Yaqub Zurufçu!” və s. kimi sözlərlə bölüşüblər. 

Konsertdə Azərbaycanın Kanadadakı səfirliyinin nümayəndələri də iştirak ediblər.
 

Ənənəvi olaraq ABŞ və Kanadadan hər il dəvət alaraq, həmişəki kimi Azərbaycan mədəniyyət və incəsənətini daha geniş təbliğ etməyi qarşısına əsas məqsəd qoymuş müğənninin qastrol səfəri iki ay davam edəcək. Onun  Kaliforniya ştatının iri şəhərləri olan Los-Anceles, San-Fransisko, San-Dieqoda da nəzərdə tutulan konsertlərində soydaşlarımızla yanaşı ABŞ-ın digər musiqisevərləri, Azərbaycan mahnılarının pərəstişkarları da iştirak edəcəklər.


Torontoda keçirilən konsertdən əvvəl məşhur sənətkar Yaqub Zurufçu Kanadada ilk dəfə fəaliyyətə başlamış Azərbaycan telekanalının – AzstarTV-nin təntənəli açılış mərasimində iştirak edib, soydaşlarımızın böyük sevincinə səbəb olan, ölkəmizin tarixinin, bugünkü sürətli sosial-iqtisadi inkişafının təbliğini, Dağlıq Qarabağla bağlı problemlərin tamaşaçılara düzgün, obyektiv olaraq çatdırılmasını qarşıya məqsəd qoymuş yeni telekanala müsahibə verib, mahnılar ifa edib.