Zakir Həsənov: Düşmənin növbəti təxribatına cavab daha sarsıdıcı olacaq

Düşmənin növbəti təxribatına veriləcək cavab daha dağıdıcı və sarsıdıcı olacaq, onu tam məhv edəcək.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevingöstərişinə əsasən, Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə bölgəsində olaraq ön xətdə xidmət edən şəxsi heyətlə görüşüb.

Müdafiə Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, Müdafiə naziri, general-polkovnik Zakir Həsənov şəxsi heyət qarşısında çıxış edib.

"Azərbaycanın səylərinə baxmayaraq, Ermənistanın hərbi-siyasi rəhbərliyi münaqişənin həlli istiqamətində heç bir müsbət addım atmır. Düşmənin qeyri-konstruktiv mövqeyinə görə danışıqlarda irəliləyiş əldə olunmur, beynəlxalq hüquq pozulur. Ali Baş Komandanın qeyd etdiyi kimi, Ermənistan öz çirkin taktikasını işə salaraq yenə də istəyir ki, bu məsələ dünya gündəliyindən çıxsın, vaxt uzansın. Biz buna imkan verməməliyik və bu münaqişə tezliklə həllini tapmalıdır.

Cəbhə xəttində düşmənin təxribatları davam edir və daim artmaqdadır. Ordumuz bu təxribatların qarşısını qətiyyətlə alır və daha sərt cavab tədbirləri həyata keçiriləcək.

Ermənistanın nümayiş etdirdiyi raketlərin taktiki-texniki xüsusiyyətləri barədə tam məlumatımız var. Bu bölgədəki hərbi balansı düşmənin xeyrinə dəyişməyib. Biz bütün istiqamətlərdə tam üstünlüyə nail olmuşuq.

Düşmən tərəfinin istifadə edə biləcəyi bir neçə qurğuya cavab olaraq isə Silahlı Qüvvələrimiz sərəncamındakı minlərlə raketlərdən, döyüş vasitələrindən cavab verməklə həmin raketləri vura bilməyə və düşmənin istənilən məsafədəki bütün hərbi infrastrukturunu məhv etməyə qadirdir. Ermənilərin həmin raketlərdən istifadə barədə səsləndirdiyi hədələr isə uydurmadan başqa bir şey deyildir.

Aprel döyüşləri qarşı tərəf üçün bir dərs olmalı idi. Lakin görünür, onlar bu zərbədən nəticə çıxarmayıblar. Düşmənin növbəti təxribatına veriləcək cavab daha dağıdıcı və sarsıdıcı olacaq, onu tam məhv edəcək”.