Cənubi Qafqazda yeni siyasi düzən formalaşması Prezident İlham Əliyevin adı ilə bağlıdır

Cənubi Qafqazda yeni siyasi düzən formalaşır. Bu düzənin formalaşması Prezident İlham Əliyevin adı ilə bağlıdır. Uzun müddətdir beynəlxalq təşkilatların gözünə kül üfürən ermənilər artıq yeni reallıqlarla barışmağa məcbur olublar. Bunu həyata keçirilən antiterror tədbirləri də bir daha sübut etdi.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Cəbi Quliyev deyib.

“Ağ bayraq qaldıran qondarma rejim Bakının şərtlərini qəbul etdi. Yevlaxda görüşə razılıq verilməsi də yeni tarixin başlanğıcıdır. Əslində Azərbaycan tərəfi dəfələrlə bölgədə sülhün, əmin-amanlığın bərqərar olması yönündə təkliflərlə çıxış etsə də düşmən yenə ictimaiyyəti çaşdırmaq, öz mənfur siyasətini davam etdirmək istəyirdi. İkinci Qarabağ müharibəsindən keçən müddət ərzində buna nail olan ermənilər düşünürdülər ki, vəziyyət belə də davam edəcək. Ancaq reallıqlar və öhdəliklər zamanın dolduğunu göstərdi. Xoşluqla addım atmaq istəməyən qondarma rejimin nümayəndələrinin TIR şouları heç bir nəticə vermədi. Mina terroru ilə pərdələnən daşnaqlar Moskva razılaşmasından sonra götürdükləri öhdəliklərə əməl etməməklə 300-dən çox mina qurbanının baiskarı oldular. Təbii ki, baş verən hadisələrlə bağlı hüquqi çərçivədə addımlar atılır və yaxın zamanda biz bunların müsbət nəticəsinin şahidi olacağıq”, - deyə deputat vurğulayıb.

Onun sözlərinə görə, 30 illik işğal dövründə məsələnin sülh danışıqları əsasında nizamlanmasında maraqlı olan Azərbaycan bütün beynəlxalq təşkilatların malik olduğu potensialdan səmərəli istifadə etməyə, ədalətin, beynəlxalq hüququn tətbiqi şəraitində ərazi bütövlüyümüzün təmin olunmasına səy göstərdi. Ən yüksək tribunalardan bəyan edildi ki, bir qarış torpağımız belə düşmənə verilməyəcək. Ən əsası Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və ola da bilməz.

Cəbi Quliyev qeyd edib ki, Azərbaycanın Müzəffər Ali Baş Komandanı İlham Əliyev xalqa müraciəti zamanı bir sıra məqamlara aydınlıq gətirdi. Ən əsası bölgəyə uzanan əllərin çəkilməsinə toxunan dövlətimizin başçısı erməni havadarlarına yerini göstərdi. Eyni zamanda, Qarabağda yaşayan vətəndaşlar üçün yeni tarixi şansın formalaşdığını bəyan etdi. Belə bir həssas məqamda Azərbaycan xalqının Prezident İlham Əliyevin ətrafında sıx birləşməsi, həyata keçirilən tədbirlərə tam dəstək verməsi, siyasi partiyaların, ictimai təşkilatların verdikləri bəyanatlar həyata keçirilən antiterror tədbirlərinə tam dəstəyi ifadə etdi.