Ceyhun Bayramov Çavuşoğlu ilə danışdı

Mayın 15-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub. 

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Sabahinfo.az-a verilən məlumata görə, nazir Ceyhun Bayramov Türkiyədə keçirilən prezident və parlament seçkilərində cənab Ərdoğanın və hakim partiyanın səs çoxluğu ilə irəlidə olması münasibətilə nazir Çavuşoğluna təbriklərini çatdırıb. Bu seçkilər nəticəsində qardaş Türkiyənin daha da güclənəcəyinə əminlik ifadə olunub.

Xarici işlər naziri Mövlud Çavuşoğlu göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Telefon danışığı zamanı həmçinin bölgədə cari vəziyyət və sülh danışıqları üzrə son yeniliklər müzakirə edilib.