COP29 beynəlxalq konfransı ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il ölkəmizdə keçirilməsi növbəti böyük uğur və Azərbaycana olan böyük etimadın göstəricisidir.

Ölkələrin təmsilçiliyi nöqteyi-nəzərindən BMT Baş Assambleyasından geri qalmayan COP29 dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biridir. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 bu vaxta qədər keçirilmiş tədbirlərlə müqayisəyə gəlmir. Hətta Avropa Oyunları zamanı ölkəmizə 5 min idmançı və onları müşayiət edən təqribən 3 min qonaq gəlmişdir. Ancaq COP29-da 10 minlərlə xarici nümayəndə ölkəmizə gələcək. İki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq. Müəyyən ehtimallara görə, təqribən 70-80 min xarici qonaq tədbirlərdə iştirak etmək üçün ölkəmizə səfər edəcək.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar dekabrın 15-də keçirilən müşavirədə Prezident cənab İlham Əliyev  bildirdi ki, bütün hazırlıq işlərinə start verməlidir. Tədbirin keçirilməsinə 11 aydan az vaxt qalıb. COP29 beynəlxalq konfransı ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Eyni zamanda, Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcək və dünyada hər kəs bir daha görəcək ki, Azərbaycanın gündəliyi yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda ölkəmizin enerji siyasətinin prioritetidir.

Dekabrın 15-də keçirilən müşavirədə Prezident cənab İlham Əliyev  qeyd etdi ki, irimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi üzərimizə böyük məsuliyyət qoyur. Ancaq Azərbaycan bu günə qədər bir çox beynəlxalq tədbirlər keçirib. Hətta ölkəmiz bu il Beynəlxalq Astronavtika Konqresini böyük müvəffəqiyyətlə keçirib. Bu mötəbər beynəlxalq tədbir ikinci dəfə Bakı şəhərində keçirilib. 50 il bundan əvvəl sovet Azərbaycanının paytaxtı olan Bakıda, bu il isə müstəqil Azərbaycanın paytaxtı olan Bakıda bu tədbir keçirilmişdir.  Bir sözlə, beynəlxalq tədbirlərin uğurla keçirilməsi sahəsində ölkəmizin böyük təcrübəsi vardır. Məhz bu baxımdan da Azərbaycan beynəlxalq ictimaiyyətin etimadını qazana bilib. Bu işdə ölkəmizin Qoşulmama Hərəkatına uğurlu sədrliyi də öz sözünü deyir. Məlum olduğu kimi Azərbaycan Qoşulmama Hərəkatına dörd il ərzində uğurla sədrlik edir və bu 120 ölkənin dəstəyi ilə mümkün olmuşdur, hətta ölkəmizin sədrliyi bir il uzadılmışdır. Əgər Azərbaycan bu məsələdə dünyanın 120 ölkəsinin dəstəyini qazanmışdısa, COP29-un gələn il ölkəmizdə keçirilməsinə bütün dünya ölkələri öz dəstəyini göstərmişdir. Bütün bu uğurlara ölkəmiz məhz Prezident cənab İlham Əliyevin həyata keçirdiyi düşünülmüş uğurlu siyasət nəticəsində nail olub.

Əlişah Rəcəbov,

YAP Ağdaş rayon təşkilatının sədri