COP29 çərçivəsində Azərbaycanın qlobal problemlərin həllində rolu daha da genişlənir

Ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək müstəqillik tarixinin ən parlaq və qüdrətli dövrünü yaşayan ölkəmizə dünya dövlətlərinin etimadı daha da artmşdır. Bu böyük etimadın və hörmətin növbəti təzahürü dünya dövlətlərinin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Azərbaycanda keçirilməsinə dair qərar qəbul etməsi olmuşdur.

Tərəflərin Konfransı 1995-ci ildə Almaniyanın Berlin şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası ilə əlaqədar ali qərarların verilməsi üçün yaradılmış qurumdur. COP bu konvensiyanın ən üst qərarverici qurumudur və konvensiyaya tərəfdaş olan, onu ratifikasiya edən ölkələr COP-da təmsil olunurlar. COP-un missiyası konvensiyadan irəli gələn tələblərin, tövsiyələrin icrasına nəzarət etməkdir. Hər il keçirilən konfransa rəhbərlik və ev sahibliyi BMT-nin 5 regional qrupunu təmsil edən 190-dan çox ölkənin səsverməsi ilə seçilir.

2024-cü ildə 11-24 noyabr tarixlərində Bakıda keçiriləcək konfrans çərçivəsində dünyanın 190-dan çox ölkəsini təmsil edən 80 min nəfərə qədər nümayəndə heyətinin qəbul edilməsi gözlənilir. Böyük ehtimalla bu tədbir bu günə kimi ölkəmizdə keçirilən ən böyük beynəlxalq tədbir olacaq.

Bakıda COP29 konfransının keçirilməsi qərarı yekdilliklə qəbul olunmuşdur, yəni beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə mümkün olmuşdur. Bu yekdil qərarın Qarabağda Azərbaycan tərəfindən keçirilmiş antiterror tədbirlərindən qısa müddət sonra qəbul edilməsi sübut edir ki, dünya birliyi Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyi uğrunda gördüyü tədbirləri dəstəkləyir. Bu həm də onu təsdiq edir ki, Azərbaycanda təhlükəsizliyin, siyasi sabitliyin mövcud olması ilə bağlı heç bir şübhə yoxdur. Əks halda belə mötəbər və genişmiqayaslı tədbirin Bakıda keçirilməsi ilə bağlı qərar qəbul edilməzdi.

Fransa başda olmaqla, bəzi Qərb ölkələrinin riyakar mövqe tutduğu, Azərbaycanın qələbəsi və Cənubi Qafqazda yaratdığı gerçəkliklə barışmaq istəmədiyi bir zamanda belə bir mötəbər tədbirin keçirilməsinin Azərbaycana həvalə edilməsi həm də onu göstərir ki, dünya birliyi anlayışı Fransa və onun həmfikirlərindən, Qərb ölkələrindən daha geniş anlayışdır və Azərbaycan 120 ölkənin dəstəyi ilə Qoşulmama Hərəkatına dörd il ərzində uğurla sədrlik edərək bu birliyin etibarlı və ən güvənilən üzvlərindən biri olduğunu artıq ən mükəmməl şəkildə sübut etmişdir.

Qeyd etdiyimiz kimi, Tərəflərin Konfransının əsas məqsədi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının tələblərinə riayət edilməsini təmin etməkdir. Konvesiyanın ali məqsədi isə iqlim sisteminə insanlar tərəfindən edilən və təhlükəli hesab oluna bilən bütün müdaxilələrin qarşısını almaqdır. Cənab Prezident başda olmaqla ölkəmiz hər zaman dünya düzənini təhdid edən qlobal problemlərə, o cümlədən iqlim dəyişikliyi probleminə çox həssas yanaşmış, bu mənada həm regionun ən qabacıl ölkəsi kimi, həm də Qoşulmama Hərəkatının sədri kimi böyük işlər görmüşdür. Elə bu il Azərbaycanda 60-dan çox ölkənin iştirakı ilə keçirilən X Qlobal Bakı Forumunun “Dünya bu gün: çağırışlar və ümidlər” mövzusuna həsr olunması və Forumda iqlim dəyişikliyi, su və ərzaq qıtlığı problemləri, dünyada xeyli sayda insanın aclıqdan əziyyət çəkməsi kimi qlobal problemlərin müzakirə olunmasını qeyd edə bilərik. Möhtərəm Prezidentimiz hər zaman vurğulayır ki, dünyanın yeni geosiyasi vəziyyətində, belə gərgin bir dövrdə planetimizin gələcəyi hər kəsi düşündürməlidir. Qlobal problemlərin həllinin ən etibarlı yolu isə bərabərlik, ədalətlilik, xaqlara və dövlətlərə münasibətdə ayrı-seçkiliyə yol verilməməsi prinsiplərinin rəhbər tutulduğu siyasi dialoqdur. Şübhəmiz yoxdur ki, Azərbaycanda keçiriləcək COP29 konfransı da siyasi dialoq mühitində, ən yüksək səviyyədə təşkil olunacaqdır. Həmçinin, nəzərə alsaq ki, neft-qaz ölkəsi olmağımıza baxmayaraq, ölkəmiz son dövrlərdə ekoloji cəhətdən daha təmiz olan yaşıl enerji istehsalını enerji siyasətimizin prioriteti etmişdir, deməli Azərbaycan iqlim dəyişikliyi mövzusunda belə mötəbər tədbirə ev sahibliyi etməyə həqiqətən də layiqdir.

Azərbaycanın COP29 konfransına ev sahibliyi etməsi bizə regional və beynəlxalq miqyasda çox böyük nüfüz və yeni-yeni əməkdaşlıq imkanları da yaradacaqdır. Xüsusən də, bərpaolunan yaşıl enerji mənbələrinə investisiya cəlb etmək, yaşıl enerjiyə keçid prosesini daha da sürətləndirmək üçün gözəl imkanlar əldə edəcəyik. Ölkəmizdə Naxçıvan, Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonası elan edildiyini nəzərə alsaq, COP29 konfransına ev sahibliyimiz dünyanın diqqətini bir daha tarixi torpaqlarımıza yönəldəcəkdir.


Milli Məclisin Müdafiə, təhlükəsizlik
və korrupsiya ilə mübarizə komitəsinin
sədri Ziyafət Əsgərov