COVID-19 virusu Vuhandakı laboratoriyadan sızıb

ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Kristofer Rey COVID-19 pandemiyasının virusun Vuhandakı laboratoriyadan sızması nəticəsində baş verdiyini deyib.

Sabahinfo.az xəbər verir ki, FTB direktoru virusun mənşəyinə dair araşdırmaların onun Vuhandakı laboratoriyadan qaynaqlandığını göstərdiyini bildirib.

“FTB-nin dəyərləndirmələri bir müddətdir ki, pandemiyanın mənşəyinin böyük ehtimal Vuhandakı laboratoriya insidenti olduğunu göstərir”, - deyə Rey “Fox News”a bildirib.

FTB direktoru Çini qlobal pandemiyanın mənbəyinin müəyyənləşdirilməsini mümkün olan hər yolla ləngitməyə çalışmaqda ittiham edib.

Qeyd edək ki, ötən şənbə “Wall Street Journal” da ABŞ Enerji Nazirliyinin pandemiyanın Çindəki laboratoriya insidenti nəticəsində baş verməsi qənaətinə gəlməsinə dair məlumat dərc edib.

Çin COVID-19 virusunun Vuhanda laboratoriyadan sızması ilə bağlı iddiaları təkzib edir və bunun qaralama kampaniyasının bir hissəsi olduğunu bildirir/apa.