Deputat Müslüm Maqomayevdən yazdı

Tarixdə elə şəxsiyyətlər olur ki, ölümündən sonra belə mənsub olduqları xalqı, onun mədəniyyətini, tarixini təbliğ edirlər. Belə şəxsiyyətlərdən biri heç şübhəsiz, Azərbaycanın və SSRİ-nin Xalq artisti Müslüm Maqomayevdir. Bu gün Müslüm Maqomayevin abidəsinin Bakının ən gözəl guşələrindən biri dənizkənarı bulvarda ucaldılması, dahi sənətkarın ruhuna ən böyük hörmətdir və milyonlarla insanın sevincinə səbəb oldu. Abidənin açılış mərasimdə şəxsən Azərbaycan Prezidenti İlham Əliyevin və Mehriban xanım Əliyevanın iştirakı isə, Müslüm Maqomayev şəxsiyyətinə, onun mədəniyyətimizə, incəsənətimizə veridiyi qiymətin miqyasıdır.

Müslüm Maqomayev keçmiş Sovetlər İttifaqında, eləcə də onun hüdudlarından kənarda Azərbaycan musiqisini, mədəniyyətini ən yüksək səviyyədə təmsil etmişdir. Tale belə gətirmişdir ki, onun populyarlığının ən pik vaxtları, tələbəllik illərimlə üst-üstə düşdüyündən onun konsertlərində, əsil xalq məhəbbətinin necə olduğunu şəxsən görmüşəm. O zaman İttifaq miqyasında xeyli sayda tanınmış, sevilən populyar müğənnilər vardı. Lakin, onların heç biri Müslümlə müqayisə olunmazdı. Müslümün müəllifi olduğu kitabı oxuyarkən, onun hər kəsə nümunə ola biləcək yüksək əxlaqi, aristokratik keyfiyyətlərə malik olan şəxsiyyət olduğunu bir daha görürsən. O zaman, Rusiyada yaşayan, təhsil alan azərbaycanlıların hamısı Müslümlə bağlı böyük fəxarət hissi keçirirdik..

Sovetlər İttifaqının mədəniyyət siyasətindəki bütün standartlarından, streotiplərindən kənar, cəmi 31 yaşında, SSRİ xalq artisti adına layiq görülən Müslüm Maqomayev, o dövrün əksər müğənnilərindən fərqli olaraq, heç bir zaman kommunist partiyası, kommunizm, sosializm ideyalarını tərənnüm edən mahnılar ifa etməmişdir. Məhz, buna görə də, partnomeklatura tərəfindən müxtəlif təzyiqlərə məruz qalmışdır. Ulu Öndər Heydər Əliyevin Müslümə olan atalıq qayğısı, onu bir çox təhlükələrdən qorumuşdur.

Mən sadə bir azərbaycanlı olaraq, Müslüm Maqomayev şəxsiyyətini əbədiləşdirdiyinə, onun sənətinə, verdiyi yüksək qiymətə görə, cənab Prezidentə, Mehriban xanıma dərindən təşəkkür edirəm.

Nəsib Məhəməliyev
Milli Məclisin deputatı