Deputat seçicilərinə hesabat verdi

Milli Məclisin deputatı Anar Məmmədov YAP Goranboy rayon təşkilatının inzibati binasında seçiciləri ilə 2022-ci ildəki fəaliyyətinin yekunlarına dair hesabat xarakterli görüş keçirib.

Sabahinfo.az xəbər verir ki, görüşdə rayon ağsaqqalları və ziyalıları, şəhid ailələrinin üzvləri və qazilər, Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, YAP Goranboy və Naftalan şəhər təşkilatının sədrləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Görüşdə əvvəlcə ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra millət vəkili ötən ildəki fəaliyyəti barədə geniş hesabat məruzəsi ilə çıxış edib. Hesabat çıxışında Anar Məmmədov seçici müraciətləri, onların təmin olunması, müxtəlif əlamətdar və bayram günləri ilə əlaqədar imkansız ailələrə, şəhid ailələrinə paylanan ərzaq yardımı və dairə ərazisində həyata keçirilən infrastruktur işləri barədə statistik məlumatları seçicilərinin diqqətinə çatdırıb.

Sonda görüşdə iştirak edən ağsaqqallar və ziyalılar Goranboy rayonunun və Naftalan şəhərinin əhalisinə dövlətimiz tərəfindən göstərilən diqqətə və qayğıya görə ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər.