Deputat şəhid ailəsini ziyarət edib

22 aprel 2023-cü il tarixində 89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə Milli Məclisin deputatı Məzahir Əfəndiyev Ağdaş rayon Xosrov kəndinin İkinci Qarabağ-Vətən Müharibəsi şəhidi Məmmədov Kənan Bəhruz oğlunun ailəsini ziyarət edərək şəhidimizin doğum gününü dərin hüznlə anıb.

Şəhid ailəsinə başsağlığı bildirilərək şəhidimizin ruhu hüznlə yad edilib. İkinci Qarabağ-Vətən müharibəsində Azərbaycan xalqının vətənpərvərliyinin, əzminin bütün dünyaya nümayiş etdirildiyi, Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun xalqımıza yaşatdığı Möhtəşəm Qələbə nəticəsində bütün şəhidlərimizin, qəhrəmanlarımızın qanının yerdə qalmadığı vurğulanıb.

Yaşasaydı Kənanın 24 yaşı tamam olacaqdı. Şəhid Kənan Bəhruz oğlu Məmmədov 22 aprel 1999-cu il tarixində Ağdaş rayon Xosrov kəndində anadan olub.

Hərbi xidmətini 2017-ci ildə Səngəçalda keçən Kənan 2018-ci ildə hərbi xidmətini başa vuraraq doğma kəndinə qayıdəb.

2020-ci il sentyabrın 21-də qismən səfərbərlik zamanı təlimlərə cəlb olundu və sentyabrın 27- də başlanan İkinci Qarabağ – Vətən Müharibəsi zamanı torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda başlanan haqq savaşımıza qoşuldu.

Oktyabr ayının 29-da Ağdərə rayonunun Tülkü dərəsi adlanan ərazisində qəhrəmancasına şəhid olmuşdur. 30 oktyabrda nəşi gətirilərək doğulub boya-başa çatdığı Xosrov kənd qəbristanlığında torpağa tapşırılmışdır.

Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərəncamına əsasən Məmmədov Kənan ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Bir daha şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr diləyirik.