Dilimizin qorunması hər birimizin müqəddəs borcudur

Azərbaycan dövlət dilinin qorunması və inkişafı istiqamətində hökumət tərəfindən davamlı addımlar atılır. Müxtəlif illərdə bu istiqamətdə imzalanan hüquqi sənədlər dilimizin lüğət tərkibinin zənginləşməsinə, qramatik quruluşunun qorunmasına xidmət edib. Bu yöndə ümummilli lider Heydər Əlieyvin fəaliyyəti heç bir zaman unudulmur. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ana dilimizin yad təsirlərdən qorunması, inkişaf etdirilməsi, saflaşması və dövlət dili səviyyəsinə yüksəlməsi istiqamətində gördüyü işlər onun Azərbaycan qarşısında olan misilsiz xidmətlərindəndir. Ümummilli Lider çıxışlarının birində demişdir: “Bu gün iftixar hissi ilə deyə bilərik ki, sovet hakimiyyəti illərində biz Azərbaycan dilini qoruduq, saxladıq və inkişaf etdirdik”.

O zaman SSRİ Konstitusiyası qəbul edildikdən sonra müttəfiq respublikaların Konstitusiya layihələri dərc olunaraq ümumxalq müzakirəsinə verildi. O cümlədən Azərbaycan Respublikasının Konstitusiya layihəsi də hazırlanmışdı. Lakin bu layihədə Azərbaycan dilinin hansı status daşıması məsələsi öz əksini tapmamışdı. Buna kommunist ideologiyası imkan vermirdi. Həmin dövrdə artıq respublikamıza rəhbərlik edən Ulu Öndər Heydər Əliyev sadəcə karyerasını deyil, həmçinin həyatını riskə qoyaraq Konstitusiya layihəsinə Azərbaycan dilinin dövlət dili olması barədə maddənin salınması üçün əlindən gələni edirdi. Kremldə oturan partiya və hökümət rəhbərlərinin müxtəlif bəhanələrlə yaratdıqları bütün ciddi maneələrə baxmayaraq, Ulu Öndər yaranmış ağır vəziyyətdə SSRİ-nin o vaxtkı rəhbəri L.Brejnevlə görüşür və onunla danışdıqdan sonra Azərbaycan dilinin dövlət dili statusunun Konstitusiyaya salınması məsələsini birdəfəlik həll edir. Ümumxalq müzakirəsinə verilmiş Azərbaycan Respublikası Konstitusiya layihəsinin 73-cü maddəsinə belə bir düzəliş təklif olundu: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. Nəticədə Azərbaycan Konstitusiyası böyük tarixi şəxsiyyət Heydər Əliyevin təklif etdiyi şəkildə qəbul olundu və Azərbaycan dili dövlət dili statusu aldı. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra dil məsələsi yenidən gündəmə gəldi. Heydər Əliyevin şəxsi təşəbbüsü ilə 31 oktyabr -11 noyabr 1995-ci il tarixləri arasında dövlət dili məsələsi Milli Məclisdə müzakirə olundu və yekdilliklə müstəqil Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dili qəbul edildi. Beləliklə, 12 noyabr 1995-ci ildə qəbul olunan Azərbaycan Respublikasının yeni Konstitusiyasının 21-ci maddəsi Azərbaycan dilini Azərbaycan Respublikasının dövlət dili elan etdi.

Bu gün Ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev Azərbaycan dilinin qorunması və zənginləşdirilməsi istiqamətində gördüyü işlər dilimizin fundomental inkişafına zəmin yaradıb. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” 2012-ci il 23 may tarixli, “Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında” və bu qəbildən oplan digər Fərman və Sərəncamları ana dilimizə dövlət qayğısının artırılması, dilçilik sahəsində fundamental və tətbiqi araşdırmaların keyfiyyətinin yaxşılaşdırılması üçün əlverişli şərait yaradıb.

Bütün bunların fonunda əminliklə demək olar ki, gələcək nəsillərə ərməğan edəcəyimiz Azərbaycan dili diplomatiya aləminə yol alması ölkəmizin inkişafından xəbər verir. Dilimizin qorunması istiqamətində hər birimiz həmrəy olmalı, bu yöndə əlimizdən gələni etməliyik.
 

Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının Əməkdaşı