"DİM-in ləğvini istəyənlərin çirkin məqsədləri var" - Deputat

"Dövlət İmtahan Mərkəzi ilə yaxından və ya uzaqdan heç bir əlaqəm yoxdur. Hətta rektor işlədiyim vaxtlarda aramızda bir məsələ ilə bağlı fikir ayrılığı da olub".

Sabahinfo.az xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov deyib. O, son zamanlar Dövlət İmtahan Mərkəzinin ləğvi ilə bağlı fikirlərin səsləndirilməsini yanlış və bir sıra hallarda məqsədli hesab etdiyini bildirib.

"Əgər kimsə düşünürsə  ki, bu qurumun və sistemin ləğvi ilə təhsilimiz daha ağ günə çıxacaq, yanılır. İmtahanların çətin olması fikrinə gəldikdə, bunun hansısa məqamda və mərhələdə çətin olması fikri nəzərdən keçirilə bilər. Bu gün ali məktəblərə qəbulu kifayət qədər asanlaşdırmışıq. Biz hamının ali təhsilə kütləvi gəlməsi barədə deyil, oxumağa həvəsi və potensialı olan insanların gəlməsi barədə düşünməliyik. Bu gün şəffaf şəkildə  imtahan prosesində iştirak etdiyinz halda gələcəkdə fərqli vəziyyət və hallarla üz-üzə qala bilərik. Bu gün Dövlət İmtahan Mərkəzinin ləğvini, müsabiqədən kənar qəbulu dəstəkləyən insanların niyyətləri onların heç də bu fikirdə saf və təmiz olması demək deyil. Burada çirkin məqsəd və niyyətlər də var. Bəzilərinin buna biznes gözü ilə baxması da istisna deyil. Ona görə hissə qapılaraq total hücuma keçib kimlərinsə dəyirmanına su tökməyək. Eyni zamanda, Dövlət İmtahan Mərkəzi narazılıqları görməməzlikdən gəlməməli və qulaqardına vurmamalıdır. Əgər hansısa məsələdə obyektiv narazılıq varsa, bu ciddi təhlil edilməli və nəticələr ictimaiyyətə açıqlanamlıdır".