Dövlətimiz məcburi köçkünlərin Qarabağa təhlükəsiz qayıdışını təmin edəcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına 10 yanvar 2023-cü il tarixində verdiyi müsahibəsində xüsusi olaraq qeyd etdi ki, müharibədən sonra iki il ərzində Ermənistan görməli olduğu işlərin heç birini həyata keçirməyib.
Mənfur qonşularımızın bu cür davranışı onların ümumiyyətlə beynəlxalq hüquqa və öz üzərilərinə götürdükləri öhdəliklərə məsuliyyətsiz münasibətlərinin bariz nümunəsidir. Məlum olduğu kimi, silahlı münaqişə bitəndən sonra ən önəmli məsələlərdən birini məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması təşkil edir və dövlətimiz bu istiqamətdə irimiqyaslı layihələrə imza atır. Məsələn, hazırda Laçında yüzlərlə ev yenidən qurulur, təmir edilir, bir çox kəndlərdə böyük inşaat işlərinə start verilmişdir və birinci mərhələdə 100-ə qədər yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulmuşdur. Artıq Şuşada, Ağdamda, Füzulidə, Zəngilanda çoxmərtəbəli evlərin tikintisinə də başlanılmışdır. Təəssüf ki, quruculuq işlərinin həyata keçirilməsi ücün hələ də ciddi maneələr mövcuddur. Bu sırada ilk növbədə Ermənistanın davam edən mina müharibəsi xüsusi qeyd edilməlidir. Acınacaqlı haldır ki, müharibənin başa çatmasına baxmayaraq, Azərbaycan ərazilərində Ermənistan tərəfindən basdırılan minalar yenə də can almaqda davam edir. Bu günədək ümumilikdə 50 min hektara yaxın ərazinin minalardan təmizlənməsinə baxmayaraq, 279 mülki şəxs və hərbçi minaya düşərək həlak olmuş və ya öz sağlamlığlarını itirmişdir. “Qisas” əməliyyatı çərçivəsində Kəlbəcər-Laçın istiqamətində bəzi hərbi postlar Azərbaycan Ordusu tərəfindən nəzarətə götürüldükdən sonra təkcə bir məntəqədə 2021-ci ildə Ermənistanda istehsal edilmiş 900-dən artıq piyada əleyhinə mina aşkar edilmişdir. Bu fakt bir daha göstərir ki, Ermənistan öz cinayətkar əməllərini davam etdirir və ciddi formada beynəlxalq humanitar hüququ pozur. Ancaq Ermənistanın aciz hərəkətlərinə baxmayaraq, dövlətimiz hər bir halda öz dədə-baba yurdlarını tərk etmiş vətəndaşlarımızın Qarabağa təhlükəsiz qayıdışını təmin edəcək və nəzərdə tutduğu bütün möhtəşəm layihələri həyata keçirəcək.


Nizami Səfərov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü