Dünya Azərbaycanlıların həmrəylik günü- birliyimizin simvoludur

Həmrəy olmaq, bir olmaq, birlik göstərmək- bunlar olmadan heç bir sahədə uğur qazanmaq, qələbə çalmaq mümkün deyil. Azərbaycan öz şanlı tarixi ilə fəxr edə bilər. Onun ən çətin dövründə dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı Vətən üçün, Dövlət üçün mübarizəyə qoşulmuşdur. Ötən əsrin 80-ci illərindən başlayan milli-azadlıq hərəkatı buna əyani sübutdur. Müstəqil dövlət qurmaq, torpaqlarımızı Ermənistanın təcavüzündən qorumaqla başlanan yol 1989-cu ilin dekabrında Naxçıvan Muxtar Respublikası əhalisinin mübariz səyi nəticəsində İranla sərhəd aradan qaldırılması nəticəsində yarım əsrdən çox davam edən ayrılığa son qoyuldu. Həm Azərbaycan vətəndaşları, həm də İrandakı həmyerlilərimiz bir-birilə ünsiyyət yaratmağa nail oldu. O dövrün sovet kommunist partiya nümayəndələri bu hərəkətlərə qarşı qarayaxma kampaniyası aparıb, dünyaya onu bir qrup ekstremistin hərəkəti kimi təqdim etməyə cəhd göstərsələr də, onların bu cəhdləri uğursuzluğa məruz qaldı. 1990-cı ilin 20 yanvar faciəsi zamanı, bütün çətinliklərə, təhlükələrə baxmayaraq, şəhidlərimizi dəfn edərkən bir daha xalqımızın birliyini gördük. Səssiz və sükutlu etirazının şahidi olduq. O zaman Ulu Öndərin verdiyi bəyanatlar xalqda xüsusi hisslər yaratdı. Dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlılara inam verdi. Vətənə qayıdan Ümummilli Liderimiz1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya Azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Azərbaycan Respublikasının Ali Sovetinə müraciət edib. Dekabrın 25-də Ali Sovetin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya azərbaycanlılarının həmrəyliyi günü elan olunması barədə qanun qəbul edib və bütün azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edir.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü— Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir. Həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib. İndi həmrəylik gününü hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş, Azərbaycan əsilli diaspor nümayəndələri də qeyd edirlər.

Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq olmuşdur. Dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı olan Ulu Öndər xarici dövlətlərə səfərləri zamanı proqramının zənginliyinə, iş gününün gərginliyinə rəğmən həmin ölkələrdə yaşayan, fəaliyyət göstərən həmvətənlərimizlə görüşlərə də mütləq vaxt ayırar, onların problem və qayğıları ilə yaxından maraqlanar, daha sıx təşkilatlanmaları üçün dəyərli tövsiyələr verərdi. 2001-ci il noyabrın 9-10-da Bakıda keçirilən Dünya azərbaycanlılarının I Qurultayı soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına təsir göstərdi. Bu təşəbbüs ölkənin ictimai-siyasi həyatında yeni bir hərəkat, dövlət siyasətinin yeni bir istiqaməti idi. Qurultaydan sonra Ümummilli Lider Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə xaricdəki soydaşlarımızla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (hazırda Diasporla İş üzrə Dövlət Komitəsi) yaradılması, həmin il dekabrın 27-də isə “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanunun qəbul edilməsi dünya azərbaycanlılarının milli birliyi və təşkilatlanması prosesini daha da gücləndirdi. “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” – Ulu Öndər Heydər Əliyevin bu kəlamları hər bir həmvətənimiz üçün milli qürur rəmzinə çevrilmişdir. Prezident İlham Əliyevin “Dünya azərbaycanlılarının II qurultayının keçirilməsi haqqında” 2006-cı il 8 fevral tarixli Sərəncamına uyğun olaraq, həmin il martın 16-da Bakıda keçirilən növbəti mötəbər toplantı xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi istiqamətində yeni addım olmuş, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində əhəmiyyətli rol oynamışdır. Azərbaycan Diasporuna Dəstək Fondu Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə dəstək vermək, onların maddi-texniki bazasını möhkəmləndirmək, milli-mənəvi dəyərlərimizi inkişaf etdirmək və dünyada daha geniş tanıtmaq, xaricdə yaşayan azərbaycanlıların sosial müdafiəsini gücləndirmək və bu sahəyə dövlət dəstəyinin ünvanlılığını təmin etmək məqsədilə Prezident İlham Əliyevin 2018-ci 6 iyul tarixli Fərmanı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondu yaradıldı. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2019-cu ildə “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı təsis edildi. Bütün bunlar diaspor fəaliyyətinin daha da təkmilləşdirilməsinə, güclənməsinə təkan verdi. Məhz bunun nəticəsi idi ki, Vətən müharibəsində dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar da tarixdə görünməmiş dərəcədə fəallıq göstərdilər, daha sıx birləşdilər. Cəbhədən gələn xoş qələbə xəbərləri, ərazilərimizin erməni işğalından azad olunması həmvətənlərimizi daha da ruhlandırdı. Onlar özlərini daha inamlı, güclü hiss etdilər. Artıq əvvəlki kimi başı aşağı, boyunu bükük deyillər.

Cənab Prezidentin “Mən dünyada yaşayan hər bir azərbaycanlının prezidentiyəm” kəlməsi həmrəyliyimizi daha da möhkəmləndirdi. Bu gün qarşımızda çox mühüm vəzifələr dayanır, bu istiqamətlər haqqında Dünya Azərbaycanlılarının Şuşada keçirilmiş V Qurultayında, eləcə də digər rəsmi tədbirlərdə səsləndirilir. Qələbədən sonra Azərbaycana, dövlətimizə , xalqımıza qarşı haqsız iddialar, böhtanlar hələ də davam edir. Buna görə də mübarizə davam etməli, xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi siyasəti daha da gücləndirilməlidir. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar yaşadıqları ölkələrin seçkili orqanlarına, idarəetmə və qərar qəbuletmə prosesinə nüfuz etməli, elm və mədəniyyət platformasında aktiv olmalı, tanınmış alimləri, siyasətçiləri, arxeoloqları, tarixçiləri ölkəmizin tarixi ilə bağlı layihələrdə iştirak üçün dəvət etməli, birgə forumlar, tədbirlər keçirməli, kitablar çap olunmalı, sərgilər təşkil olunmalıdır. Həmçinin, həmin ölkələrdə fəaliyyət göstərən türk və müsəlman diaspor təşkilatları ilə sız əməkdaşlıq etməlidirlər. Bununla bağlı, müsbət təcrübə də mövcuddur. 2007-ci il martın 9-da Bakıda keçirilən Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin birinci forumu bütün türkdilli xalqların həyatında mühüm hadisəyə çevrilmiş, Azərbaycan Prezidenti İlham Əliyevin türk dünyasının birliyinə verdiyi əhəmiyyətin parlaq təzahürü kimi tarixə düşmüşdür.

El gücü sel gücüdür- biz bunu son tarixi hadisələrdə gördük. Harada yaşamasından asılı olmayaraq hər bir Azərbaycanlı, öz ölkəsi, Vətəni ilə qürur duyur. Bu əzəmətlə, bu hisslə yaşayan həmvətnlərimiz, soydaşlarımız Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni uğurlara və nailiyyətlərə doğru inamla addımlayacağına tam əmindir!

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor

Hicran Hüseynova