"Düşmən havadarlarının dəstəyindən faydalanaraq, "marionet" rolunu oynamaqda davam edir"

"Prezident İlham Əliyev CNN-Türk telekanalına verdiyi müsahibədə Azərbaycan ictimaiyyətini maraqlandıran və post-müharibə dövründə narahat edən məsələlərə tam aydınlıq gətirdi. Ümumiyyətlə qeyd etmək istərdim ki, ölkə Başçısının KİV-lə hər bir ünsiyyəti tarixi hadisədir və son zamanların müşahidələri göstərir ki, xalq tərəfindən izlənilir, dərindən təhlil olunur. Bu o deməkdir ki, cəmiyyət ölkədə və dünyada baş verən proseslərə biganə deyil".

Bunu Publika.az-a Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib. Millət vəkili müsahibənin ictimai-siyasi əhəmiyyətini nəzərə alaraq, bir neçə aspekdən dəyərləndirib:

"Birincisi, 44 günlük müharibədə Azərbaycanın və Ordunun ləyaqətli davranışları, bütün mövcud humanitar konvensiyalara riayət olunması, ermənilərdən fərqli olaraq, əsirlərin fiziki məhv edilməməsi. Ermənistana sülh müqaviləsinin təklif olunması. Region ölkələrinin 3+3 formatda əməkdaşlığının ən doğru yol olması... İkincisi, bəzi ölkələrin, beynəlxalq təşkilatların ikili standartlardan çıxış etməkdə davam etməsi və regionda dayanıqlı sülhün yaranmasında maraqlı olmamaları. Üçüncüsü, analoqu olmayan Azərbaycan-Türkiyə münasibətləri və qardaş ölkənin Pakistanla birlikdə ölkəmizin yanında olmasını minnətdarlıqla xatırlaması. Məhz, Türkiyədən və dost ölkələrdən alınmış silahların hesabına itkilərimizin mininmuma endirilməsi mümkün olmuşdur. Çünki, ölkə daxilində bəzi qüvvələr ictimai rəyi aldatmaqla məşğul idilər. Prezidentin dilindən həqiqətlərin səsləndirilməsi, onlara verilmiş ən gözəl cavabdır. Eyni zamanda, bəzi dövlətlərə, Ermənistan ordusunun yenidən silahlandırılmasının yeni təhlükələrə yol açacağı barədə mesajlar verməsi... Dördüncüsü, Zəngəzur dəhlizinin açılması, onun tarixi əhəmiyyəti barədə hökumətin planları açıqlandı. Qısa zaman ərzində, azad olunmuş torpaqlarda aparılan minatəmizləmə , quruculuq işləri, milyardlarla maliyyə tutumu olan infrastruktur layihələrinin icrası, müharibədən yenicə çıxmış ölkənin iqtisadi qüdrətini göstərir. Beşincisi, daha çox tarixi məsuliyyətlə bağlıdır. Cənab Prezident, “Torpaqlarımızın işğaldan azad olunması xalqımız qarşısında, tarix qarşısında, gələcək nəsillər qarşısında borcumuz idi və biz bunun öhdəsindən şərəflə gəldik” ifadəsi, düşünürəm ki, hər bir azərbaycanlının qürurla yaşadığı hisslərdir. Jurnalist xanım, Ulu Öndər Heydər Əliyevin Şuşa ilə bağlı vəsiyyətini xatırlatdıqda, Prezident düzəliş verdi ki, bütün işğal altında olan torpaqlarla bağlı vəsiyyət olmuşdu".

Millət vəkili bildirib ki, son zamanlar, Ermənistanla sərhəddə və Qarabağ ərazisində törətdiyi təxribatlar, onu göstərir ki, düşmən acı məğlubiyyətdən nəticə çıxarmamış, havadarlarının dəstəyindən faydalanaraq, "marionet" rolunu oynamaqda davam edir:

"Azərbaycanı təxribata sürükləyir. Bu, təhlükəli oyundur. Hər şeyin həddi-hüdudu olmalıdır. Əgər, təxribatlar davam edəcəksə, anti-terror əməliyyatları qaçılmaz olacaq. Bir məsələni də xüsusi olaraq qeyd etmək istərdim ki, beynəlxalq müstəvidə olduqca mürəkkəb oyunlar gedir. Geosiyasi təsir zonaları uğrunda gedən mübarizədə bir çox ölkələr müstəqillklərini itirirlər. Nəticədə böyük ölkələrin təsirindən çıxa bilmir, onların apardığı siyasətin qurbanına çevrilirlər. Ermənistan buna sübutdur. Digər tərəfdən Yaxın Şərq ölkələrində, Əfqanıstanda gedən dəhşətli prosesləri qeyd etmək istərdim. İslam dini altında, əslində islam dininə aid olmayan, siyasiləşmiş terrorçuların hakimiyyətə yiyələnməsi, milyonlarla insanın faciəsinə səbəb olmuşdur. Təəssüflər olsun ki, bizim cəmiyyət də belə ,,din dəllallarından,, xali deyil. Hər birimizin borcu daxili sabitliyi qorumaq, hərtərəfli sınanmış, özünü dünya səviyyəli Lider kimi təsdiq etmiş Prezident İlham Əliyevin ətrafında birləşmək olmalıdır. Dövlətimizin gələcəyi onun adı ilə bağlıdır".