"Əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində tədbirlər davam etdiriləcək"

Əhalinin sosial təminatının gücləndirilməsi, insanların yaşayış səviyyəsinin yaxşılaşdırılması hər zaman Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin diqqət mərkəzində olub.  İki gün öncə dövlət başçısının imzaladığı sərəncam əsasında minimum aylıq əməkhaqqının artırılması da bunu bir daha təsdiq edir. 

Minimum aylıq əməkhaqqının artırılması əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində atılan ən önəmli addımlardan biridir.

Bu dəfə dövlət başçısının imzaladığı sərəncam əsasında minimum aylıq əməkhaqqı ciddi şəkildə artacaq.

İndiyə qədər minimum aylıq əməkhaqqı birdən birə 45 manat səviyyəsində qalxmamışdı. Məlumat üçün qeyd edim ki, ən son minimum aylıq əməkhaqqı dövlət başçısının 17 dekabr, 2021-ci il sərəncamı əsasında 300 manat müəyyən edilmişdi. İndi isə cənab prezidentin sərəncamı ilə bu rəqəm 345 manat müəyyən edildi. Bu bir tərəfdən həyata keçirilən düşünülmüş iqtisadi və sosial siyasətin nəticəsidirsə, digər tərəfdən dövlət büdcəmizin ildən-ilə artmasının göstəricisidir: Bizim dövlət büdcəmiz sosialyönümlü olduğundan davamlı olaraq  ölkədə minimum aylıq əməkhaqqı, eləcə də digər sosial yardım və müavinətlər, pensiyalar artırılır.

Dövlət başçısının imzaladığı məlum sərəncam əsasında minimum aylıq əməkhaqqı Azərbaycanda müstəqillik dövrü ərzində ilk dəfə 200 dollarlıq həddi keçib.

Fikrimizi daha sadə dillə izah etsək, yeni sərəncama əsasən minimum əməkhaqqı 300 olanların maaşı 345 manata yüksəli. Yəni bu, həm özəl sektorlara, həm də dövlət sektorlarına şamil ediləcək. Mülkiyyətindən asılı olmayaraq bütün subyektlərin bu artımı etməsi məcburidir. Digər işçilərin iş kateqoriyalarına görə də minimumum əməkhaqqının artması ilə artım onlara da şamil ediləcək. Aşağı əməkhaqqı alanlar üçün isə fərq daha da görsənəcək. Keçən ildə minimum əməkhaqqı artmışdı. Bilirik ki, iqtisadi baxımdan ciddi inflyasiya mövcuddur. Ötən il 14-15 faiz həcmində inflyasiya var idi. Hökumət bunu indeksləşdirmək üçün addımlar atır. Bu isə insanların rifahının çox da pisləşməsinin qarşısını alır. İnflyasiyanın qarşısını almaq üçün bu əməkhaqqıların qaldırılması ilə vəziyyəti balanslaşdırılmış olacaq. Bu, eyni zamanda, şirkətlərin xərcini bir qədər artırmış olacaq. İnflyasiyanın digər amilləri zəifləyəcəyinə görə minimum əməkhaqqının artırılması inflyasiyanı dəstəkləyən amilə çevrilməyəcək. Keçən il minimum pensiya 240 manat idi. Bu il isə 280 manat kimi müəyyənləşdi. Bu, o deməkdir ki, 280 manatdan aşağı heç kəs pensiya ala bilməz. Bu isə yaşayış minimumu üzərindədir. Hökumət bu addım ilə əməkhaqları və pensiyaları yaşayış minimumu üzərinə qaldırır və minimum yaşayış üçün şərtlərin formalaşdırılmasına çalışır.
Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanda əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində tədbirlər davam etdiriləcək.

İltizam Yusifov
Milli Məclisin deputatı