Əminə Ağazadə: "Seçki prosesi beynəlxalq normalara uyğun olaraq aparılır"

Milli Məclisin deputatı Əminə Ağazadə deputat həmkarı Tural Gəncəliyevlə birlikdə Türkiyə Respublikasında keçirilən prezident və parlament seçkilərini ATƏT PA-nın xətti ilə müşahidə etmək üçün mayın 12-dən İstanbul şəhərinə səfərdədir.  Deputatlarımız ATƏT PA-nin seçki müşahidə qrupunun tərkibində seçkilərə hazırlıqla tanış olublar və seçki günü məntəqələrdə prosesin gedişini, vətəndaşların fəallığını izləyiblər.
Əminə Ağazadə seçki prosesinin beynəlxalq normalara uyğun olaraq aparıldığını və əhalinin yüksək seçicilik aktivliyinin müşahidə olunduğunu bildirib. 
Seçki günü ilk olaraq İstanbul Topkapi Universitetində yerləşən seçki məntəqəsində, daha sonra Etiler Mesleki ve teknik Anadolu lisesində, İstanbul Sanayi Odası Vakfının Eyitim Mərkəzində, Terraki Vakfı Özel Şişli Terrakı Ortam məntəqələrindəki seçki prosesini izləyən Əminə xanım seçki prosesini həm müxalifət, həm iqtidar nümayəndələrinin iştirakı ilə sərbəst şəkildə izlənilə bildiyini, seçkilərin azad, demokratik, hər hansı qanundan kənar halın olmasına imkan verilmədiyi bir şəraitdə davam etdiyini qeyd edib. Bundan başqa, seçki prosesini müşahidə edərkən yüksək təşkilatçılıq standartlarını xüsusi olaraq qeyd etmək lazımdır. 
Deputat onu da vurğulayıb ki, səsvermə hüququ olan hər bir türk vətəndaşı- yaşlısı, gənci bu günün öz dövləti üçün vacibliyini diqqətə alaraq seçki məntəqələrinə gəlir, seçici hüquqlarından sərbəst şəkildə istifadə edərək öz vətəninin gələcəyinə səs verir.