Erkən nikaha məcburetmədə valideynlərin məsuliyyəti daha da artırılmalıdır- Deputat

"Mən hesab edirəm ki, ümumiyyətlə erkən nikahlar bizim ölkəmizdə, xüsusilə də müasir dövrdə yolverilməzdir. Azərbaycan dövləti müasir, Azərbaycan cəmiyyəti isə açıq bir cəmiyyətdir. Gənclərimizin özlərini tapmaları, sübut etmələri üçün ölkəmizdə bütün şərait yaradılıb. Bizim gənclər oxumalı, savadlı olmalı, yaratmalı, karyera qurmalı və dünyanı fəth eləməlidirlər. Bu həm kişilərə, həm də qadınlara aiddir.  Bəli bu gün ölkədə Gender bərabərliyi də təmin olunur. Qadınlarımız kişilərlə bərabər istədiyi yerdə təhsil ala, işləyə bilir".

Sabahinfo.az xəbər verir ki, bunu millət vəkili İltizam Yusifov parlamentdə çıxışı zamanı deyib:

"Düzdür burada müəyyən problemlər, çatışmamazlıqlar da mövcuddur. Bu da bizim müəyyən mental dəyərlərimizin müasir dünya gedən proseslər, yaranan parametrlərlə hansısa məqamda düz gəlməməsi, uzlaşa bilməməsi və bir də Kişi cinsinin qarşı tərəfə şərq mental baxışlarının müəyyən formatda hələ də dəyişməməsindən irəli gəlir. "Qız kəkil çıxardı ver getsin" ifadəsi artıq müasir dünyada keçərli deyil və ya qız ailədə yük kimi görünməməlidir. Və yaxud qız uşağını hər hansı bir ailə dəyərlərini dərk etməyən bir gəncə ərə verəndə valideynin əllərini yüxarı qaldıraraq "Şükür Allaha yük üstümdən götürüldü" deməsi və s. kimi baxışlar məhz bu sahədə problemlərin yaranmasına birbaşa təsir edir.

Bəziləri qız uşaqlarının erkən ərə verilməsini pis vərdişlərdən uzaq olmaq, sığortalanmaq üçün lazım olduğunu deyirlər. Pis vərdiş dediyiniz nədir? Bu gün ölkəmizdə rəsmi boşanmalar 40% dən çoxdur. Təəssüf ki, son zamanlarda ailə institutu artıq çat verib, vəziyyəti yaxşı deyil.  Onda sual olunur: boşanmadan sonar bu ailələri kim və necə saxlayacaq? Dağılan ailədə həm də daha böyük problem olur, çünki ortada həm də uşaq olur.

Yəni müasir gənclik ailə qurmazdan əvvəl bu məsuliyyəti dərk etməli və ailənin gələcək yaşamını  qarantlamalı, hər 2 tərəf gələcəkdəki hətta onlardan asılı olmayan fors-major hallarına hazır olmalııdırlar. Məsuliyyət 2 gəncin arasında, bir-birinə olan sevgi, hörmət ilə bitməməlidir. 2 gəncin bir-biri arasında olan məsuliyyət onlara aiddir. Amma ailədə uşaq olan təqdirdə onların cəmiyyət qarşısında daha böyük məsuliyyətləri yaranır.

"Elimin toy kimi adəti var" ifadəsi də bu günkü "toy biznesi" fonunda milli dəyər kimi aktuallığını çoxdan itirib. Bəziləri toyu pulun, varın çoxluğundan, reklam üçün, cəmiyyətə özünü sübut etdirəcək səviyyədə təqdim etməsi üçün, bəziləri isə üzün illər "yatırım" kimi qoruduqları toy dəftərinə uyğun olaraq borcların qaytarılması üçün edirlər. Təəssüf ki, cəmiyyətimizdə yenə də əksər insanlar toya yatırım və ya gəlir mənbəyi kimi baxanlar hələ də çoxdur. Balanın toyunu görmək və ya kiminsə toyda əhd etdiyi üçün sındıra-sındıra oynamağı müasir dövrdə ailə qurmaq üçün yetərli dəlil deyil.

Mən də təklif edirəm ki, bu sahədə qanunvericilik tələbləri daha da sərtləşdirilməli, Cinayət məcəlləsində Erkən nigahlarla bağlı, erkən nigaha məcburetmədə valideylərin məsuliyyəti daha da artırılmalı və nigaha girən hər 2 tərəf müqabilinin də məsuliyyətə cəlb edilməsi qanunvericilikdə əksini tapmalıdır".