"Erməni cəmiyyəti bundan nəticə çıxarmasa, uduzan tərəf yenə də Ermənistan olacaq..."

Müasir dövr sübut edir ki, mütərəqqi dünyanın hörmətlə yanaşdığı beynəlxalq münasibətlərin subyekti olmaq üçün, heç də çoğrafi mənada böyük ölçülər tələb edilmir. Sözsüz, təbii sərvətlərin miqyası, xüsusilə  karbohidrogen yataqlarının həcmi dünya güclərinin diqqətini cəlb edə bilər. Lakin belə ölkə rəhbərlərinin müstəqil siyasi iradəsi yoxdursa və onlar fundamental beynəlxalq prinsiplərə məhəl qoymurlarsa, təbii sərvətlər faktoru da həmin dövlətin əleyhinə işləməyə başlayır. Nəticədə, ilk baxışdan cəlbedici görünən ölkə çox qısa müddətdə sivil dünyanın təcrid etdiyi siyasi sübyektə çevrilir. Cərəyan edən geosiyasi proseslər fonunda bu cür nümunəni əyani şəkildə görmək mümkündür. Onu da görürük ki, Azərbaycandan qat-qat böyük təbii ehtiyatlara və enerji resurslarına malik olan dövlətlər belə, sivil davranış qaydalarına əməl etmədikdə, siyasi və iqtisadi itkilərə məruz qalır, qlobal sanksiyalarla üzləşməli olurlar. Geosiyasi maraqların toqquşmasında təbii sərvətlər fenomeni ölkəyə iqtisadi və siyasi dividendlər gətirmək əvəzinə, ağır ballasta da çevrilə bilir. Ya gərək mütərəqqi dünya dövlətləri ilə bir cərgədə olub fundamental beynəlxalq prinsiplərə hörmətlə yanaşasan, ya da əksəriyyət üçün arzuolunmaz siyasi ünvana çevriləcəksən. Bu mənada ölkəmizin xüsusi həssaslıqla yanaşdığı məsələlərdən biri ərazi bütövlüyünün toxunulmazlığına mövcud təhdidlərlə bağlıdır. Bəzi dövlətlər başqalarının ərazi bütövlüyünü pozan davranışlarını tarixi prizmadan əsaslandırmağa və onlara süni arqumentlərlə hüquqi don geyindirməyə çalışsalar da, əsaslandırmaları inandırıcı alınmır. Çünki həqiqətə söykənmir. Otuz il ərzində ərazisinin 20 faizi işğal altında qalan Azərbaycan üçün də belə əsaslandırmalar qəbuledilməzdir. 

Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərdən sonra Azərbaycana edilən rəsmi səfərlərin intensivliyi, Bakıda və Şuşada keçirilən beynəlxalq səviyyəli tədbirlər sübut edir ki, sivil dünya artıq ölkəmizi siyasi dialoq mərkəzi olaraq dəyərləndirir. Çünki Azərbaycan hakimiyyəti qərar və addımlarında  mütərəqqi dünyanın bölüşdüyü beynəlxalq hüquq normalarına və ədalətə söykənir. Rəsmi Bakı yüksək səviyyəli beynəlxalq tədbirlərə ev sahibliyi etməklə dünya birliyinə həm də bu mesajı verir ki, Azərbaycan iqtidarı təkcə ölkəmizi deyil, bütövlükdə Qafqazı iqtisadi və siyasi  əməkdaşlıq məkanı qismində görür və bu prosesdə həlledici söz sahiblərindəndir. Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda Gülüstan sarayında keçirilən lX Qlobal Bakı Forumu bu baxımdan xüsusi əhəmiyyətə malikdir. 50 ölkəni təmsil edən görkəmli dövlət və hökümət başçılarının, dünyada söz sahibi olan siyasət adamlarının iştirak etdiyi Forumun müzakirə mövzusunun özü də onu göstərir ki, Bakı Forumu sivil dünya üçün mühüm beynəlxalq platformaya çevrilib. Dövlətimizin başçısı elə bu amili nəzərə alaraq, giriş nitqində bunları xüsusi qeyd etdi: “Bu, bizim müzakirələrin cəlbedici olduğunu nümayiş etdirir, bu platformaya ehtiyacın olduğunu nümayiş etdirir və o, çox faydalıdır, onun çox mühüm praktiki təsiri var”. 

Prezident İlham Əliyev onu da xüsusi vurğuladı ki, Rusiya-Ukrayna müharibəsi fonunda cərayan edən geosiyasi proseslər fundamental dəyişikliklərlə və proqnozlaşdırılması mümkün olmayan fəsadlarla müşayiət olunur. Ölkələrin ərazi bütövlüyünün toxunulmazlığına təhdidlərlə yanaşı, enerji və ərzaq təhlükəsizliyi, yeni miqrasiya dalğası ilə bağlı məsələlər də dünya nizami üçün ciddi təhlükə mənbəyinə çevrilir. Elə bu səbəbdən, Dövlətimizin başçısı onu da qeyd etdi ki, bu təhlükələrin qarşısının alınması ümumi səylərin daha sıx əlaqələndirilməsini zəruri edir. Bu mənada Qlobal Bakı Forumunda aparılan müzakirələrin faydalı  əməkdaşlıq formatlarının ərsəyə gəlməsində əhəmiyyəti danılmazdır. 

Prezident İlham Əliyev nüfuzlu aiditoriyanı bir araya gətirən Bakı Forumunda beynəlxalq birliyə bu mesajı da verdi ki, ölkəmizin təhlükəsizliyi ilə bağlı məsələlər Azərbaycan hakimiyyəti üçün prioritet təşkil edir. Prezident açıq şəkildə bildirdi ki, Ermənistan rəhbərliyi işğal dövründə olduğu kimi, hələ də vaxt udmağa çalışır və köhnə vərdişlərindən, imitasiya oyunlarından əl çəkmir. Azərbaycan hakimiyyətinin beynəlxalq hüquq normaları əsasında  irəli sürdüyü  5 təməl prinsipi ilə razılaşdığını Ermənistan sözdə bəyan etsə də, əməlləri bunu təkzib edir. Dövlətimizin başçısı, elə bu səbəbdən, xüsusi olaraq bunları qeyd etdi: “Çünki işğal vaxtının tarixindən bildiyimizə əsaslanaraq danışıqlar apararkən bəzən Ermənistan rəsmiləri tərəfindən hətta yüksək səviyyədə ifadə edilmiş sözlərin o qədər də böyük məna daşımadığını bilirik”. 

Prezident İlham Əliyev bir daha vurğuladı ki, Ermənistan rəhbərliyinin istər Qarabağ ermənilərinin statusu, istərsə də Minsk qrupunun həmsədrlər institutunun bərpası ilə bağlı əsassız, məntiqə və geosiyasi reallığa zidd olan təşəbbüsləri Ermənistanın hələ də xam xəyallarla yaşadığının göstəricisidir. Prezidentimiz növbəti dəfə açıq mətnlə bəyan etdi ki, heç bir statusdan və artıq de-fakto tarixin arxivinə qovuşan, təşəkkür sözünü belə haqq etməyən həmsədrlər institutunun bərpasından söhbət gedə bilməz. Əks təqdirdə, Ermənistanın beynəlxalq hüquqa, tarixi ədalətə və yeni reallıqlara zidd olan təşəbbüsləri ölkəmizə qarşı əsassız ərazi iddiası kimi dəyərləndiriləcək. Dövlətimizin başçısı bu cür sərsəm təşəbbüslərin Ermənistan üçün yaxşı heç nə vəd etmədiyini də bildirdi: “Ötən əsrin tarixində aydın göstərilir ki, 1920-ci ilin noyabrında, Azərbaycanın sovetləşdirilməsindən altı ay sonra sovet hakimiyyəti Azərbaycanın tarixi parçası olan Zəngəzuru Ermənistana birləşdirdi. Yəni, Ermənistan Qarabağdakı ermənilər üçün status tələb etməyə cəhd edəcəksə, nə üçün azərbaycanlılar Qərbi Zəngəzurda özləri üçün status tələb etməsin?” 

Şübhəsiz ki, Prezident İlham Əliyevin bəyanatlarını Ermənistan hakimiyyəti ilə yanaşı, erməni lobbi təşkilatları və tarixən Ermənistana hamilik edənlər də diqqətlə izləyir. İzlədikcə açıq-aydın şəkildə onu da görürlər ki, Azərbaycan Prezidentinin mövqeyi həqiqətə və hüquqa söykəndiyi üçün, daha çox ölkələr tərəfindən qəbul olunur.Ermənistan cəmiyyəti bunu da müşahidə edir ki, Azərbaycan Prezidenti beynəlxalq leksikondan Dağlıq Qarabağ və Minsk qrupu vasitəçiləri ifadələrinin çıxarılmasına nail olduğu kimi, bu leksikona Zəngəzur, eləcə də Şərqi Zəngəzurla yanaşı, Qərbi Zəngəzur ifadələrini daxil etməklə diplomatik uğur qazanmaqdadır. Ermənistan rəhbərliyi və erməni cəmiyyəti bütün bunları görə-görə adekvat nəticələr çıxarmırsa və ya çıxarmayacaqsa, uduzan tərəf yenə də Ermənistan olacaq. 

Nüfuzlu aiditoriyası ilə seçilən Qlobal Bakı Forumu, Forum günlərində Prezident İlham Əliyevin keçirdiyi ikitərəfli görüşlər və rəsmi qəbullar bir daha göstərdi ki, Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayan və bu işə daha böyük töhfələr verə biləcək Azərbaycan mütərəqqi dünya tərəfindən etibarlı tərəfdaş və bəşəri dəyərlərə sadiq olan müstəqil siyasi subyekt kimi qəbul edilir. Bakı Forumu beynəlxalq birliyə onu da nümayiş etdirdi ki, Azərbaycan hakimiyyəti Qafqazı sülh və əməkdaşlıq məkanına çevirmək üçün siyasi iradəyə sahibdir. Prezident İlham Əliyevin forumda irəli sürdüyü Azərbaycan-Gürcüstan-Ermənistan formatı da elə bu iradənin göstəricisidir. Qlobal Bakı Forumunda beynəlxalq birlik bu həqiqəti də eşitdi ki, müxtəlif bəhanələrlə üçlük formatından, real əməkdaşlıqdan yayınan yeganə ölkə məhz Ermənistandır. Şübhəsiz ki, rəsmi Bakının mütərəqqi dünya üçün siyasi dialoq və əməkdaşlıq mərkəzinə çevrildiyini Ermənistan ictimaiyyəti də görür. Ona görə də Ermənistan rəhbərliyi birdəfəlik bilməlidir ki, üçtərəfli Bəyanatlarla üzərinə götürdüyü öhdəliklərə və Brüssel razılaşmalarına əməl etmədikcə, Zəngəzur dəhlizi açılmayınca, heç kim onun müstəqil söz sahibi və guya sülh tərəfdarı olduğuna inanmayacaq. Dövlətimizin başçısı bu reallıqdan çıxış edərək Ermənistan hakimiyyətinə xəbərdarlıq etdi: “Otuzillik işğal dövrü erməni xalqını heç də xoşbəxt etmədi. Əksinə, onlar dünya ictimaiyyətinin gözündə işğalçı və təcavüzkar oldular... Onlar növbəti müharibə istəyirlərsə, bu, onlar üçün fəlakət olacaqdır və onlar bunu yaxşı anlayır. Hesab edirəm ki, Ermənistan hökuməti və oradakı revanşist qüvvələr aydın şəkildə dərk edirlər ki, bu, onların dövlətçiliyinin sonu olacaq”.

Ülvi Quliyev                                                                                       

Milli Məclisin deputatı