Ermənilər yalnız bu halda Qarabağa qayıda bilər - Prezidentin köməkçisi AÇIQLADI

"35 ildir davam edən münaqişə artıq başa çatıb".

Sabahinfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Londonda jurnalistlərə açıqlamasında deyib. 

Diplomat bildirib ki, Azərbaycan qonşusu Ermənistanla uzunmüddətli sülh müqaviləsi bağlamaq üçün heç bir böyük maneə görmür və hesab edir ki, onların sərhədlərinin müəyyənləşdirilməsi məsələsi sülh müqaviləsindən kənar şəkildə həll oluna bilər: "Hazırda Azərbaycanın strategiyası sülhü qazanmaqdır. Bu, hər iki tərəfdən hərəkət tələb edir".

Prezidentinin köməkçisi həmçinin qeyd edib ki, Azərbaycan anklav problemlərini müzakirə etməyə hazırdır: "Lakin sərhədlərin delimitasiyası məsələsi sülh müqaviləsi müzakirələrindən ayrı saxlanılmalıdır".

Hikmət Hacıyev bildirib ki, ermənilərin Qarabağa geri qayıtmaq hüququ hər bir halda müəyyən edilməlidir. Bunun üçün onlar Azərbaycan vətəndaşı olmalıdırlar: "Azərbaycan vətəndaşlığı verildikdən sonra ermənilərin geri qayıtmaq hüququ təmin oluna bilər". 

Onun sözlərinə görə, 1988-ci ildən Ermənistanı və ya Ermənistanın nəzarətində olan əraziləri tərk etməyə məcbur olan azərbaycanlılar üçün də qarşılıqlı hüquqlar olmalıdır.