“Ermənistan boyun qaçırır, ordumuzda isə ciddi işlər aparılır”

“Prezidentin də qeyd etdiyi kimi, Ermənistan tərəfi hələ də sərhədlərin delimitasiyası və demarkasiyası istiqamətində konstruktiv mövqe nümayiş etdirmir”.

"Ölkə.Az" xəbər verir ki, bunu deputat Mahir Abbaszadə Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında deyib.

Belə ki, 2022-ci il üçün dövlət büdcəsinə dəyişikliklərin edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı çıxış edən deputat əlavə edib ki, müdafiə xərclərinin də artırılmasına ehtiyac var:

“Cənab Prezident iyunun 26-da Şərqi Zəngəzura səfəri zamanı müdafiə xərclərinin artırılmasını və ən müasir silahların alınmasını bəyan etdi. Bildiyiniz kimi erməni tərəfi hələ də demarkasiya və delimitasiya prosesini ləngidir və hər vəchlə boyun qaçırmağa çalışır. Belə olan halda Azərbaycan ordunun möhkəmlənməsinə, müasir silahların alınmasına ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı ciddi işlər aparılmaqdadır. Və etiraf etməliyik ki, bunlar böyük vəsaitlər tələb edir”.

Mahir Abbaszadə ərzaq təhlükəsizliyi ilə bağlı da fikirlərini bölüşüb. Millət vəkili qeyd edib ki, dünyada yaranmış ərzaq problemi Azərbaycan gələcəkdə yarana biləcək ərzaq böhranı ilə bağlı ehtiyatlarını toparlamağa və bu sahəyə ciddi maliyyə vəsaiti ayırmağa vadar edir.