Millət vəkili Ülvi Quliyev Modern.az-ın suallarını cavablandırıb:
- Yayılan rəsmi məlumata görə, mayın 27-də Ermənistan silahlı qüvvələrinin iki qrupdan ibarət kəşfiyyat-diversiya dəstəsinin altı üzvü Kəlbəcərin Yuxarı Ayrım kəndi istiqamətində tərksilah edilərək saxlanılıb. Bu, birinci hadisə deyil və görünən odur ki, Ermənistan müharibəni uduzsa da, təxribatlarından əl çəkmir. Sizcə, hərbi imkanlarının indiki acınacaqlı durumunda Ermənistan ölkəmizi yeni müharibəyə çəkməyəmi çalışır?
- 30 il ərzində Azərbaycan səbrlə davrandı. Görəndə ki, bu cür yanaşma Ermənistan tərəfindən adekvat qarşılanmır, əksinə, Ermənistan daha da azğınlaşıb “yeni ərazilər uğrunda yeni müharibə” seçimini edir və BMT-nin məlum qətnamələrini saya salmır, həmsədrlər isə ya mandatlarını yerinə yetirmir, ya da onlardan kimlərsə açıq-gizlin şəkildə işğalçının tərəfini tutur, müzəffər ordumuzun haqq savaşına çıxmaqdan savayı yolu qalmadı. Prezident İlham Əliyevin siyasi iradəsinə xalqımızın birmənalı dəstəyi və möhtəşəm birliyimiz hesabına, şəhidlərimizin həyatı, qazilərimizin qanı bahasına tarixi ədalət və beynəlxalq hüququn tələbləri təmin edildi. Ermənistan hərbi-siyasi təxribatlarını davam etdirməkdən əl çəkməsə, şübhə etməməlidir ki, bunun cavabı daha ağır olacaq. Azərbaycan hakimiyyəti ölkələrimiz arasındakı sərhədlərin delimitasiya və demarkasiyasının sivil normalar çərçivəsində aparılmasına tərəfdar olduğunu dəfələrlə bəyan edib. Ermənistanda kimlərsə bu yanaşmanı zəiflik kimi qəbul edib yenidən gördüyümüz təxribat yolunu seçirsə, bu, o deməkdir ki, belələri üçün erməni analarının göz yaşları mənasızdır və erməni gənclərini növbəti dəfə ölümün ağuşuna atmaq həmin dırnaqarası siyasətçiləri zərrə qədər narahat etmir. Bu,mənəvi dəyərlər arasında edilən seçimdir, daha doğrusu, mənəviyyatsızlığın göstəricisidir. Lakin Ermənistan cəmiyyəti və ilk növbədə,erməni anaları bilməlidirlər ki, Azərbaycan xalqının səbri ilə oynamaq istəyənlərə fürsət vermək olmaz, əks təqdirdə, övladlarının cəsədini yenidən onları ölümə göndərənlərdən tələb etmək məcburiyyətində qalacaqlar.
- İndiki durumunda Ermənistanın bu cür ağılsız təxribatlarının səbəb və məqsədi nədir?
- Bununla bağlı ölkəmizdəki siyasətçilərin,politoloq və ekspertlərin səsləndirdikləri müxtəlif rəy və şərhlər mövcuddur.Erməni təxribatlarını qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşa səfəri ilə əlaqələndirənlər və bu səfərin əngəllənməsi məqsədilə törədildiyini deyənlər var.Bəzi ekspertlər isə, Dağlıq Qarabağdan kənarda yeni münaqişə ocağının yaradılmasında Ermənistanın maraqlı olduğunu bildirirlər.Məqsəd yeni münaqişəni daha çox beynəlmiləlləşdirmək, xarici oyunçuları aktiv şəkildə münaqişəyə cəlb etməkdir.Erməni siyasi-hərbi dairələrinin xislətinə bələd olduğumuz üçün,bütün bu səbəblərin ayrı-ayrılıqda,yaxud toplum halında mövcudluğunu daha ciddi dəyərləndirməliyik.Bununla yanaşı, məncə,onun da üzərində düşünməliyik ki, seçkilərə hazırlaşan Ermənistanda həmin seçkilərin baş tutmamasında maraqlı olan qüvvələr də var.Sirr deyil ki,Ermənistan tarixən müstəqil olmayıb,son 30 ildə isə vassallıq seçimi özünü daha qabarıq göstərib.Bu,həm də o deməkdir ki, orada kimin hakimiyyətə gətirilməsində maraqlı olan xarici qüvvələrin də seçimləri bir-biri ilə toqquşur. 44 günlük müharibədə ağır hərbi məğlubiyyətə uğradıqdan sonra Ermənistan cəmiyyəti daha çox parçalanıb. Qərbə və Rusiyaya meyilli olan qüvvələr arasında açıq savaş gedir.Təsadüfi deyil ki,Qaragöl ətrafında baş verənlərdən sonra Paşinyan əvvəlcə KTMT-yə,daha sonra isə əks-hərbi blokun-NATO-nun qərargahına müraciət edib onların hər ikisindən kömək istədi. Məqsəd təkcə əks düşərgələri üz-üzə qoymaqdan, kiçik epizodu beynəlmiləlləşdirməkdən, həmişə olduğu kimi,daha güclünün ətəyindən yapışmaq deyildi.Zənnimcə, Paşinyan bu müraciətlə erməni cəmiyyətinə və siyasi rəqiblərinə həm də onu göstərmək istəyirdi ki,hansı blokun təmsilçiləri hansı mövqedədir və onlardan kim daha çox Ermənistanın yanındadır. Müşahidə etdiyimiz ondan ibarət oldu ki, ermənipərəst mövqeyi ilə həmişə fərqlənən və NATO üzvü olan Fransa siyahıya başçılıq etdi. Ermənistandakı daxili siyasi proseslərə kənardakı beyin mərkəzlərinin,xüsusən, erməni diasporasının müdaxilə imkanları da istisna olunmamalıdır. Sözsüz ki,Ermənistanın yeni təxribatlarının qarşısının ölkəmiz tərəfindən indiki kimi qətiyyətlə alınacağı, maraqlı dairələr tərəfindən əvvəlcədən proqnozlaşdırılır.O da proqnozlaşdırılır ki, Azərbaycanın zərərsizləşdirib saxladlğı istənilən erməni əsgərinin görüntüsü erməni cəmiyyətində yeni çaxnaşmaya səbəb olacaq. Düşünürəm ki, siyasi çaxnaşmanın daxildə silahlı toqquşmaya keçəcəyini proqnozlaşdıran və bunu arzulayanlar da var. Hadisələr bu istiqamətdə inkişaf edərsə, fövqəladə vəziyyətin tətbiqi və seçkilərin təxirə salınması qaçılmaz olacaq. Bu, daha çox kimin, Qərbə, yoxsa Rusiyaya meyilli namizədlərin xeyrinə işləyəcək,indidən birmənalı fikir bildirmək doğru olmazdı. Çünki Ermənistan cəmiyyətində aparılan sosioloji sorğuların reallığı nə dərəcədə əks etdirdiyinə heç xarici dairələrin özləri də əmin deyillər. Hər bir halda, Ermənistan hakimiyyəti və cəmiyyəti öz əkdiklərinin acı bəhrəsini dadmaqdadır.
- Ülvi müəllim,Ermənistandakı hadisələrin hansı səmtə,sivil müstəviyə,yoxsa daxili silahlı münaqişəyə yönələcəyi ilə bağlı şəxsi proqnozunuz necədir?
- Bayaq dediyim kimi,indidən birmənalı proqnoz vermək doğru olmazdı.Lakin hər iki seçimin reallaşma ehtimalı yüksəkdir.Verilən rəsmi məlumatlara görə,iyunun 16-da,Ermənistandakı seçkilərə qədər, ABŞ və Rusiya Prezidentlərinin Cenevrə görüşü gözlənilir.Yenə də rəsmi açıqlamalara görə,müzakirə ediləcək məsələlərdən biri də regional münaqişələrlə bağlı olacaq.Böyük ehtimalla Ermənistana yönəlik siyasi maraqlara da aydınlıq gətiriləcək.Düşünmək olar ki,bu cür təxribatlar həm də məsələnin gündəlikdən çıxmamasına yönəlib və həmin səbəbdən Ermənistan tərəfindən yeni təxribatların bundan sonra da törədiləcəyini, həmişə olduğu kimi,bu hadisələrin ətrafında özünə sərfedəcək şəkildə hay-küy salınacağını istisna etmək olmaz... Azərbaycanın mövqeyi isə məlumdur.Prezident İlham Əliyev beynəlxalq hüquqa və etibarlı əməkdaşlığa söykənən ölkəmizin mövqeyini Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi ictimai müzakirələrdə konkret şəkildə açıqlayıb: ”Biz tam anladıq ki,maraqlar ola bilər və onlar bir-biri ilə toqquşa bilər.Lakin bizim siyasətimiz ondan ibarətdir ki,Azərbaycan toqquşma məkanı deyil,əməkdaşlıq yeri olmalıdır...Lakin ,eyni zamanda,indi ABŞ-la Rusiya arasında əlaqələrin çox aşağı səviyyədə olduğu bir vaxtda xüsusilə aydın görünür ki,münaqişənin həlli məsələsi bəlkə də Rusiya və ABŞ-ın çox fəal və çox açıq şəkildə əməkdaşlıq etdiyi yeganə məsələ idi. Beləliklə ,müəyyən mənada Azərbaycan öz münaqişəsi ilə ən azı bu iki supergücün səmimi şəkildə əməkdaşlıq edə biləcəyi bir sahəyə malik olmaqla mühüm rol oynayır”. İnanıram ki, Prezidentin həmin tədbirdə verdiyi növbəti açıqlama da Qafqazda marağı olan supergüclərin diqqətindən yayınmayıb: ”Hər iki ölkə ilə bizim strateji əhəmiyyət kəsb edən münasibətlərimiz var.Sözsüz ki,gündəlik fərqlidir,lakin çox açıq,çox aydındır və gözlənilməz heç bir hal baş vermir...Çünki biz hər zaman nəzərdə tutduğumuzu deyirik və hər zaman dediyimiz sözün arxasında dayanırıq”. Əminəm ki,Prezident İlham Əliyevin ölkəmizin mövqeyini ifadə edən bu cür ciddi və səmimiyyətə söykənən birmənalı açıqlamaları diqqətlərdən yayınmayıb.
- Son vaxtlar yerli mediada,sosial şəbəkələrdə dartışılan məsələlərdən biri də Ermənistanda kimin hakimiyyətə gəlməsinin ölkəmizə daha sərfəli olması ilə bağlıdır.Siz necə hesab edirsiniz?
- Məncə, dediyiniz məsələyə ən doğru və beynəlxalq-hüquqa uyğun olan münasibəti Prezidentimiz bildirib. Dövlətimizin başçısının haqlı olaraq qeyd etdiyi kimi,bu gün Ermənistan hakimiyyətini və müxalifətini birləşdirən yalnız bir amil var,o da azərbaycanofobiyadır. Ona görə,bu cür fobiyalardan azad olmayan istənilən şəxs təkcə Azərbaycan üçün deyil,həm də Qafqazda davamlı sülhə və sabitliyə təhlükədir.Seçim məsələsi, təhlükəlilərdən daha az təhlükəlisini,pislərdən daha az pisini seçmək erməni cəmiyyətinin daxili işidir...Lakin Ermənistan ictimaiyyəti və onun sağlam mühakimə yürütmək qabiliyyətini itirməmiş təmsilçiləri, orada belələri də yox deyil,bilməlidirlər ki,revanş təşəbbüsləri erməni xalqını yeni,daha ağır faciələrə sürükləyir,təxribatlarının qarşısı isə Silahlı Qüvvələrimiz tərəfindən qətiyyətlə alınacaq.Xarici İşlər Nazirliyimizin bəyanatında Ermənistanın son təxribatı 10 noyabr tarixli üçtərəfli Birgə Bəyanatın pozulması kimi qiymətləndirildi. Bu,Ermənistan üçün seçdiyi yolun təhlükəlilik səviyyəsinə açıq işarədir və rəsmi xəbərdarlıq deməkdir.Bundan düzgün nəticə çıxarmayacağı təqdirdə,Ermənistan üzləşə biləcəyi daha acı reallığı indidən proqnozlaşdıra bilər.Ən əsası,az inandırıcıdır ki,Bəyanatlarla zaminlik öhdəliyini öz üzərinə götürən Rusiya siyasi nüfuzuna erməni təxribatları ilə kölgə salındığını nəzərə almasın.O da arzuolunandır ki,regionda maraqlarını təmin etməyə çalışan beynəlxalq oyunçular 28 il danışıqlar masasında olduğu kimi deyil,daha açıq və birmənalı şəkildə Ermənistanı yeni hərbi-siyasi təxribatlardan çəkindirmək üçün mövqe ortaya qoysunlar. Nəzərə alsınlar ki,Ermənistandan fərqli olaraq, Azərbaycan Qafqazda davamlı sülhün və sabitliyin, beynəlxalq-hüquq normaları əsasında dinc birgəyaşayışın tərəfdarıdır.Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bunun üçün qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınması şərti ilə ölkəmiz sülh sazişinə də hazırdır.Ermənistan bu tarixi fürsəti əldən verəcəksə və kommunikasiyaların açılması yolu ilə regional inteqrasiyadan imtina edib iqtisadi blokadada qalmaq yolunu yenidən seçəcəksə, bunun zərərli və ilk növbədə, təhlükəli seçim olduğunu indidən bilməlidir.İkili standartlar kənara atılıb obyektiv yanaşmaya üstünlük verilərsə, Qafqazda həqiqətən də davamlı sülhün və iqtisadi rifahın tərəfdarı olan beynəlxalq güc mərkəzləri Ermənistanın bu seçiminə ictimai təpki göstərərlərsə,o zaman səmimi niyyətə və bitərəfliyə şübhə qalmaz. Əgər bunun şahidi olacağıqsa,hər şey öz sivil axarına daha tez düşəcək,tarixi ədalətə və beynəlxalq hüquqa bəslənilən ictimai inam üzərindən kölgələrin qaldırılması naminə mühüm addımların atıldığını çox qısa zamanda görə biləcəyik.