Ermənistan üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirməlidir

“İki il öncə Azərbaycan döyüş meydanında Ermənistan ordusunu darmadağın etməklə tarixi ədaləti bərpa etdi, işğal altında olan torpaqlarını azad etdi. Həmin dövrdə Ermənistanın ordusu tamamilə məhv edildi, qarşıdakı 30 il ərzində formalaşması mümkün olmayacaq vəziyyətə salındı. Şanlı 44 gün ərzində Azərbaycan ordusu Cəbrayılı, Hadrutu, Füzulini, Zəngilanı, Qubadlını, Suqovuşanı, 300-ə yaxın kəndi, Laçının və Kəlbəcərin bir hissəsini elə döyüş meydanında azad etmişdi. Azərbaycan Ordusunda bir nəfər də olsun fərari olmamışdı, əksinə Ermənistan ordusunda isə 10 mindən çox fərari olmuşdu. Bütün bunlar bir daha Azərbaycan xalqının yüksək mənəvi keyfiyyətlərindən, Vətənə, torpağa bağlılığından, vətənpərvərliyindən xəbər verir”. SABAHİNFO.AZ xəbər verir ki, Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, nə qədər acı olsa da, müstəqilliyimizin ilk illərindəki vəziyyət heç zaman unudulmamalıdır: “AXC-Müsavat iqtidarının səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin olmaması, ölkədə fəaliyyət göstərən silahlı dəstələrin yol verdikləri başıpozuq əməllər, ölkəmizin ayrı-ayrı bölgələrində separatçılıq və parçalanma meyillərinin baş qaldırması və bütün bunların ölkənin daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaratması Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. AXC-Müsavat cütlüyünün bir illik hakimiyyəti ölkədə anarxiya, xaos, özbaşınalığın tüğyan etməsi, iqtisadiyyatın çökməsi, əhalinin sosial durumunun son dərəcə ağırlaşması, torpaqlarımızın işğalı ilə nəticələnmişdi. Lakin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyev milli dövlətçiliyin sarsılmaz əsaslarını yaratmağa, Azərbaycanın müstəqilliyinin əbədi və dönməz xarakter almasına nail oldu. Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi idi. Ümummilli Lider Heydər Əliyevin çıxışlarında vəsiyyət etdiyi kimi bu gün Şuşaya da, Laçına da, Ağdama da, Füzuliyədə, Cəbrayıla da, Zəngilana da, Qubadlıya da, Kəlbəcərə də gedir, bayramlarımızı qeyd edə bilirik. Əlbəttə ki, Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər də Qurtuluşdan başlayan yolun, Prezident İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirməsinin məntiqi nəticəsidir. Azərbaycan xalqı bir yumruq kimi birləşərək tarixi missiyasını yerinə yetirdi. Heç şübhəsiz, şanlı zəfər ölkəmizdə aparılan dövlət siyasətinin böyük nəticəsi olan daxili sabitliyin, milli birliyin, milli həmrəyliyin, xalq-iqtidar birliyinin məntiqi yekunu oldu”.

“Vətən müharibəsindəki zəfərdən keçən iki il ərzində Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur, abadlaşdırılır” – deyən Ramil Vəlibəyov əlavə edib ki, paralel olaraq Azərbaycan ordusu daha da güclənir, qarşısında duran yeni vəzifələri yerinə yetirmək üçün tapşırıq gözləyir: “Ötən iki il ərzində baş verən proseslərdən sadəcə Ermənistan dərs almalıdır. Kapitulyasiya imzalamış Ermənistan üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirməlidir. Yoxsa, növbəti “Qisas” əməliyyatlarını yaşaya, daha ağır vəziyyətə düşə bilər. Nə qədər ki, Azərbaycan ədalətli sülh istəyir Ermənistan bunu ən optimal imkan kimi dəyərləndirməlidir. Əks təqdirdə səbr kasası daşacaq, “Dəmir yumruq” yenidən sözünü deyəcək”.