"Ermənistandan bir alət kimi istifadə etməklə, Fransanın regiona girmək istədiyini müşahidə edirik"

"Vardanyanın BBC-yə verdiyi müsahibə biabırçılıqdır. Hesab edirəm ki, onun tam iflası deməkdir. Səhv etmirəmsə, Sokratın dahiyanə bir fikri var, “danış deyim sən kimsən”. BBC-nin məşhur “Hard Talk” proqramının aparıcısı Stiven Sakur Vardanyanı danışdırdı. O da, verilən sualların qarşısında özünü imtahana hazır olmayan savadsız tələbə kimi, siyasətdən nə qədər uzaq, piyada, başqalarının əlində oyuncaq olduğunu göstərdi". 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib. Deputat qeyd edib ki, əslində Vardanyan anlamırdı ki, hansı ölkəni, hansı siyasi dairələri təmsil edən televiziya kanalına müsahibə verir: 

"Məhz onun siyasi kəmsavadlığı, müasir dünyanın geosiyasi reallıqlarını dərk etməməsini bir daha sübut etdi.  Təcrübəli Sakurun Ukrayna, Rusiya, Ermənistanla münasibətlər, Putinlə əlaqələri, Qarabağda yaranmış vəziyyətlə bağlı ifşaedici sualları Vardanyanı nokauta saldı. Əsas hədəflərdən yayınaraq, bütün məsələlərdə Azərbaycanı günahlandırması, verdiyi məntiqsiz cavablar, Vardanyanın əsl simasını tam çılpaqlığı ilə ortaya qoydu. Lakin burada erməni hiyləgərliyi keçmədi və Vardanyanın kimliyi, hansı məqsədlə, kimlər tərəfindən Qarabağa göndərildiyi bir daha aydınlaşdı". 

Millət vəkilinin sözlərinə görə, Ermənistan cəmiyyətində də Vardanyanın müsahibəsi kəskin şəkildə tənqid olunmaqdadır:

"Onlar hesab edirlər ki, Vardanyanın müsahibəsi, Ermənistanın dövlət maraqlarına ziddir və beynəlxalq imicinə vurulmuş zərbədir.  Yeri gəlmişkən, xatırlamaq yerinə düşər ki, belə bir biabırçılıqla 2020-ci ilin avqust ayında Nikol Paşinyan üzləşmişdi.  Son 30 ildə susan Qərb mediasının Ermənistanla bağlı canfəşanlığına, Azərbaycana qarşı qərəzli mövqeyinə gəldikdə isə, bu, yeni bir şey deyil. Bir çox Qərb ölkələri, erməni diasporu, onlara lobbiçilik edən təşkilatlar, Azərbaycanın 44 günlük müharibə əldə etdiyi tarixi Zəfəri həzm edə bilmir. Onların əlində həddindən artıq informasiya resursları cəmləşib. Bir çoxları Azərbaycanın təbii sərvətlərindən, iqtisadi imkanlarından öz xeyirləri üçün yararlanmaq arzusundadır. Bu da əksər hallarda ölkəmizin maraqları ilə ziddiyət təşkil etdiyindən müəyyən narazılıq yaradır. Belə olan halda, informasiya müharibəsi işə düşür. Vəssalam!". 
 "Digər bir səbəb isə böyük dövlətlərin geosiyasi maraqlarının toqquşmasıdır. Cənubi Qafqaz regionu tarixən geosiyasi maraqların kəsişdiyi yer olmuşdur. İndiki, halda Ermənistandan bir alət kimi istifadə etməklə, Fransanın regiona girmək istədiyini müşahidə edirik. Son zamanlar Fransa senatının, milli assambleyasının, Avropa parlamentinin ölkəmiz əleyhinə qəbul etdiyi, beynəlxalq hüquqa zidd, qanunsuz qətnamələrin kökündə bu amil durur. Fransanın destruktiv siyasəti olmasaydı, Ermənistan çoxdan taleyi ilə barışmışdı. Hər şey göründüyü kimi deyil. Üzdə demokratiyadan, insan haqqlarından dəm vuranların, bir çox hallarda ədalətdən uzaq olduqları, hadisələrə qərəzli yanaşdıqları danılmaz faktdır. Görünən odur ki, ölkəmiz əleyhinə saxta erməni təbliğatı, ümumiyyətlə ikili standartlara əsaslanan qərəzli təbliğat uzun müddət davam edəcəkdir. Ona qarşı ən yaxşı immunitet isə milli birliyimiz, Azərbaycanın hərtərəfli inkişafı, daha da güclənməsidir".