ƏSL MƏNƏVİYYAT ADAMI 

... O, əsl mənəviyyat adamı idi. Həm pedaqoji fəaliyyəti, həm də digər istehsalat sahələrində çalışdığı illər ərzində onun  bütün həyat amalı mənəviyyat pillələrindən keçərək reallaşırdı. Övladlarına aşıladığı həyat eşqini, Vətən sevgisini auditoriyada da tələbələrinə ünvanlayırdı. Onun düşüncəsinə görə müəllim, pedaqoq, alim şagird, tələbə yanında  işini dərs deməklə bitirməmlidir, dərsini demək müəllimin işinin yarısıdır. Yarısı da onu dinləyənlərdə Vətən sevgisini yaratmaqdır... 

Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitunun aparıcı elmi işçisi və Azərbaycan Kooperasiya Universitetinin “Mühasibat uçotu və audit” kafedrasının dosenti  iqtisad üzrə fəlsəfə doktoru Şahraz Müzəffər oğlu İbrahimovdan söhbət gedir.

Nədənsə yadıma 2013-cü il dekarın 14-də keçirilən Azərbaycan müəllimlərinin XIV qurultayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qurultay iştirakçılarına ünvanladığı təbrik məktubunda dediyi sözlər düşdü: “Azərbaycanın əldə etdiyi bütün nailiyyətlərin əsasında məhz müəllimin gərgin zəhməti və gündəlik fəaliyyəti durur”. Gərgin zəhməti ilə iqtisadiyyat elminə verdiyi dəyərli əsərləri ilə Şahraz İbrahimov da o fəaliyyət sahiblərindən idi. 

HƏYAT TARİXÇƏSİNDƏN: 

Şahraz brahimov 29 may 1952-ci ildə Qərbi Azərbaycanın İcevan rayonunun Vurğun kəndində anadan olmuşdur. 1977-ci ildə Azərbayca Texniki Univrersitetinin “Mühəndis-texnoloq ixtisasını, 1991-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun “İqtisadçı” ixtisasını bitirmişdir.
1992-ci ildə “Sahə iqtisadiyyatı” üzrə “Məhsulun keyfiyyətinin yüksəldilməsinin planlaşdırılması və onun istehsalının səmərəliliyinə təsiri” mövzusu üzrə dissertasiyasını müdafiə edərək, iqtisad elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür. İqtisad üzrə fəlsəfə doktoru idi.
2008-ci ildə Ali Attestasiyası Komissiyası tərəfindən dosent elmi dərəcəsinin diplomunu almışdır. 1973-cü ildən istehsalatda müxtəlif vəzifələrdə, 2003-cü ildən 2011-ci ilə qədər Sumqayıt Dövlət Universitetində müəllim və “Mühasibat uçotu və audit” kafedrasının müdiri vəzifəsində işləmişdir.
2010-cu ildən 19 mart 2020-ci ilədək Azərbaycan Kooperasiya Universitetinin “Mühasibat ucotu və audit” kafedrasında dosent kimi fəaliyyət göstərmişdir. 

İqtisad üzrə fəlsəfə doktoru Şahraz Müzəffər oğlu İbrahimov 20 mart 2020-ci ildə haqq dünyasına qovuşmuşdur. Şahraz İbrahimov 22 il pedaqoji fəaliyyəti (müəllim, dosent, kafedra müdiri), digər istehsalat sahələrində 25 il (sex rəisi, istehsalat rəisi, baş mühəndis, direktor vəzifələrində) çalışmışdır. Amerika yazıçısı, Nobel mükafatı laureatı, “Amerika ədəbiyyatının nəhəngi” adlandırılan Con Ernst Steynbek deyir: “Gəldiyim qənaət budur ki, yaxşı müəllim yaxşı bir sənətkardır. Digər böyük sənətkarlar kimi onların da sayı azdır. Hətta çalışdığı sahə insan ağlı və ruhu olduğu üçün müəllimlik sənətkarların ən böyüyü belə ola bilər”. Haqqında danışdığımız, sayı az olan SƏNƏTKARA bənzədilən müəllimlərdən biri idi...
 Xırda araşdırmalarımdan sonra öyrəndim ki, Şahraz İbrahimovun çapdan çıxmış elmi əsərlərinin ümumi sayı 75-dən çoxdur. “Bazar iqtisadiyyatı şəraitində yüngül sənaye sahələrinin inkişaf etdirilməsi problemləri”, “Xalq  istehlakı  malları  istehsalının əsas İnkişaf  istiqamətləri”, “İstehlak malları istehsalının dinamikasının təhlil və inkişaf istiqamətləri”, “Yüngül sənaye mallarınn keyfiyyətinin yüksəldilməsinin texniki – iqtisadi tədqiqi”, “Xalq istehlakı malları istehsalının inkişaf dinamikasının  təhlili və inkişaf  istiqamətləri”, “Metoдики  оценка  рыночной стоимости и привлечение инвестиционных ресурсов”, “İstehlak malları istehsalının əsas inkişaf istiqamətləri”, “Yüngül sənaye müəssisələrində yeni texnika və texnologiyaların tətbiqi istiqamətləri”, “Azərbaycan sığorta bazarının formalaşması istiqamətləri”, “Sığorta iqtisadi inkişaf təzahürüdür”, “Şəffaflığın artırılması və korrupsiyayan qarşı mübarizədə  səxsiyyətin rolu” və digərləri Şahraz İbrahimovun bu xalq, bu millət qarşısında xidmətlərinin göstəricisidir.

... Şahraz İbrahimov ömrünün 68-ci baharında canından artıq sevdiyi torpaqla nəfəs-nəfəsə, ürək-ürəyə dayandı. Dörd ildir ki, övladları, doğmaları - Şahrazsevənlərin hamısı böyük alimi, böyük insanı hörmətlə xatırlayır, məzarını ziyarət edirlər, elmi fəaliyyəti yaddaşlarda təzələnir.  

Alim-jurnalist münasibətlərimiz sonradan şəxsi dostluq münasibətinə çevriləndə düşündüm ki, onun haqqında mənə danışanlar öz fikirlərində yanılmamışdılar. Şahraz müəllimlə doğmalaşandan sonra daha çox müsbət keyfiyyətlərini kəşf etdim onun. Aramızda müəyyən bir yaş fərqi olsa da bir-birimizə qardaş və dost olduq. Dəfələrlə birlikdə İsmayıllı və Göygöl rayonlarına səfər etdik. Şahanə qamətli, ağayana rəftarlı Şahraz müəllimin sinəsində Vətənə sevgiylə, insanlara şükranla dolu bir ürəyi vardı.

Müşahidələrim zamanı gördüm ki, Şahraz müəllimin bu Vətənə, bu torpağa olan sevgisi heç nə ilə ölçülə bilməzdi. Hər dəfə görüşəndə əsas aramızda müzakirə mövzusu məhz Qarabağ məsələsi idi.  O, torpaqlarımızın azad olunacağına o qədər inamlı idi ki, sanki o gələcək günün konturlarını görürdü. O, dünyasını dəyişəndən altı ay sonra Azərbaycan DƏMİR YUMRUĞUnu düşmənə göstərdi, qəhrəman Azərbaycan əsgəri 44 günlük Vətən Müharibəsində  ZƏFƏR TARİXİni yazdı. Şahraz İbrahimovun və onun kimi dünyasını dəyişmiş minlərlə Vətən sevdalısının ruhu dinclik tapdı.

Bir insan dünyadan köçəndə həyat dayanır deyirlər. Amma bu fikirlə razılaşmıram. Həyat bir tərəfdə cismən dayanır. Ruhlar əbədiyyən mövcud olduğu kimi, yerdə qalanların da varlığı bu doğmalığı yaşadır. Şahraz müəllimlə yarımçıq qalmış dostluğumu bu gün oğlanları Rövşən və Rəvanla davam etdirirəm. Yəni, bizim qardaşlığımız da, dostluğumuz da əbədidir. Övladları Rövşən vətən keşiyində-xidmətdədir, Rəvan isə həkim kimi sağlamlığımızın keşiyində dayanır.

Son dörd ildə-Şahraz müəllimin həyata vida dediyi gündən bu günə qədər olan vaxta gözüm hər yerdə onu arayır. Elə bilirəm ki, yenə də axşamüstü işdən çıxacaq, zəng edəcək. Birlikdə Azərbaycan Milli Elmlər Akademiyasının həyətində gəzişəcəyik. Sonra da hardasa oturub ya çay içəcəyik ya da çörək yeyəcəyik. Mən Şahraz müəllimin timsalında dəyərli  dostumu, böyük qardaşımı itirdim. İtirdim deyəndə Şahraz müəllim haqq dünyasına köçdü, bizlər isə nahaq dünyadaa qaldıq. Mənim dostum, mənim böyük qardaşım mənim üçün bu gün də yaşayır sabah da yaşayacaq...

... Yenə də yaddaşımızda, düşüncələrimizdə odur. Ruhun şad olsun Şahraz müəllim! 

P.S. Sənə, qardaşlığımıza və dostluğumuza laiq yazı yazmaq istədim. İstədim biləsən ki, mən səni unutmadım. Səni indilik ancaq yazımla xatırlaya bilirəm. Rahat uyu əziz qardaşım.

Sənin kiçik qardaşın, dostun: Yusif MƏHƏMMƏDOĞIU.