Etibarlı əməkdaşlıq üçün vacib sənəd

İyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin imzaladıqları Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu dünya mediasının diqqət mərkəzində oldu. Təsadüfi deyil ki, dünyanın bir çox beyin mərkəzləri Azərbaycanı Avropanın enerji təhlükəsizliyinin təminatçısı olan vacib ölkələrdən biri hesab edir.

Dövlət başçısı İlham Əliyevin də qeyd etdiyi kimi, enerji təhlükəsizliyi məsələləri bu gün heç zaman olmadığı qədər vacibdir. Bu baxımdan Anlaşma Memorandu Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq üçün vacib sənəddir.

İmzalanan sənəddə bərpaolunan enerji ilə bağlı xüsusi bölmə vardır. Azərbaycan işğaldan azad edilmiş ərazilərimizdə bərpaolunan enerji mənbələrindən istifadəyə xüsusi önəm verir. Qarabağın və Şərqi Zəngəzurun azad olunmuş ərazilərində Günəş və külək enerjisinin potensialı 9200 meqavatdır. Xəzər dənizində külək enerjisinin potensialı isə 157 qeqavata bərabərdir. Bərpaolunan enerjidən istifadə həm də Azərbaycana imkan verir ki, daha çox qaz ixrac etsin

Azərbaycanla Avropa İttifaqı arasında imzalanan Memorandum gələcək üçün yol xəritəsidir. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen isə bəyanatında vurğuladığı bir məqama qeyd edək.

“Azərbaycan Avropa üçün mühüm enerji tərəfdaşıdır. İmzalanan Anlaşma Memorandumu enerji tərəfdaşlığımızı daha da gücləndirir. Azərbaycan bərpaolunan enerji sahəsində nəhəng potensiala malikdir. İmzalanan sənəd vasitəsilə həmin sahədə əməkdaşlığın möhkəm təməli qoyulur”.

İmzalanan Memorandum Avropa İttifaqı ilə münasibətlərin sağlam təməl əsasında qurulmasının nəticəsidir. Bu gün Azərbaycan Avropaya neftlə yanaşı, təbii qaz da ixrac edir. Hazırda bu proses Cənub Qaz Dəhlizi (CQD) layihəsi çərçivəsində artıq istismarda olan TANAP və TAP qaz kəmərləri vasitəsilə həyata keçirilir. Bu, Azərbaycana öz qazını müstəqil şəkildə Avropa bazarlarına çıxarmaq imkanı verən qlobal miqyasda unikal sənaye layihəsidir. Türkiyə, Gürcüstan, eləcə də İtaliya, Yunanıstan və Bolqarıstan qısa müddət ərzində Azərbaycan qazının istehlakçısına çevrilib. Gələcəkdə TAP-ın şimal qolu olan Adriatik boru kəməri vasitəsilə Albaniya, Monteneqro, Bosniya və Herseqovina, həmçinin Xorvatiyadan olan istehlakçılar da Azərbaycan qazını istehlak edə biləcəklər. Təbii ehtiyatlarımızın proqnozlaşdırıldığından daha yüksək olması Azərbaycana imkan verir ki, qaz ixracı daha da artırsın. Azərbaycan təbii qazın hasilatı, istehlakı, satışı və emalı üzrə güclü potensiala malikdir. Bununla bağlı hazırlanmış çevik strategiya, dövlət proqramı ölkəmizin etibarlı tərəfdaş kimi nüfuzunu daha da artırır.
Azərbaycan həmçinin Aİ-yə qaz tədarükünü 2021-ci ildəki 8 milyard kubmetrdən 2022-ci ildə gözlənilən 12 milyard kubmetrə artıracaq. Buna səbəb Rusiya qazının tədarükündə yaranan fasilələrdir. Rusiya-Qərb münasibətlərində yaranan soyuqluq, gərginlik Avropada Azərbaycan qazına olan təlabatı daha da artırır. Proqnozlara görə, 2027-ci ilə qədər Azərbaycan qazının idxalı iki dəfə artacaq ki, bu da ölkəmizə böyük məbləğdə vəsaitin daxil olması deməkdir.

İlin sonunadək “Şahdəniz” qaz-kondensat yatağında hasilatın ildə 26 milyard kubmetr pik həddinə çatacağı gözlənilir. Bu istehsal həcmlərinin bir müddət saxlanılması planlaşdırılır. Xatırladaq ki, “Şahdəniz” Azərbaycanın ən böyük qaz yatağıdır. Onun ehtiyatları 1 trilyon kubmetr qiymətləndirilir və ixrac olunan qazın böyük hissəsi onun payına düşür. “Abşeron”, “Babək”, “Ümid”, “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqlarında kifayət qədər qaz ehtiyatları vardır.

Azərbaycanda təsdiqlənmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrə yaxındır. Bu, Azərbaycana imkan verir ki, həm Avropaya qaz ixracatını artırsın, həm də azad edilmiş ərazilərimizin fonunda daxili tələbatı ödəsin. Sevindirici haldır ki, Azərbaycanın başlatdığı və Avropa İttifaqının dəstəklədiyi enerji layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişdirir. Bütün bunlar imkan verir ki, biz bölgədə siyasi maraqlarımızı da təmin edək. Ən əsası Qarabağdakı bərpa-quruculuq işlərini sürətləndirək. Azad edilmiş torpaqlara Böyük Qayıdışın təmin edilməsi, Zəngəzur dəhlizinin açılması və digər görülməsi vacib olan işlərin həyata keçirilməsində Azərbaycanın enerji satışından əldə etdiyi vəsaitlərin rolu, təsiri böyük olacaqdır.

Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının Əməkdaşı