Əzəmətli siyasi LİDER

2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilən cənab İlham Əliyev son 19 ildə ölkəmizi dünyada iqtisadi və siyasi cəhətdən güclü dövlətlərin sırasına daxil edə bilib. 4 dəfə Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyevə Azərbaycan xalqı hər dəfə böyük etimad göstərib, ona dəstəyini nümayiş etdirib.

Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına 01.10.2003-cü il tarixli müraciətində qeyd edirdi: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

İlham Əliyev Azərbaycan öz fəaliyyəti və davranışı ilə siyasi sistemimizə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi təqdim etdi. Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət etdi. Dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycan Prezident İlham Əliyevin xidmətləri sayəsində mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanındı. Gənclərin potensialından səmərəli istifadə olunması müasir, müstəqil Azərbaycanın intensiv inkişafını təmin edən fundamental faktorlardan biridir. Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayır.

Prezident daim sadə insanların yanında olur, həyatındakı əlamətdar, sevincli günləri xalqı ilə bölüşür. Ad günlərində Prezident İlham Əliyev adətən sosial obyektlərin açılışında iştirak edir, məcburi köçkünlərlə və şəhid ailələri ilə görüşür. Bu cür əlamətdar günlərində Prezident şəhid ailələri üçün inşa edilmiş yeni evlərin açılışlarında, habelə yeni salınmış köçkün qəsəbələrində insanlarla görüşür. 50 illiyini məcburi köçkünlərlə bərabər Ağcabədidə qeyd edən Prezident, 60 illiyini də Qarabağda - Şuşada keçirib.

Siyasi partiyaların Ali Baş Komandan İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətlərin imzalaması həmrəylik mühitinin inkişafı ilə yanaşı, dayanaqlı demokratik ənənələrin formalaşmasına xidmət edən mütərəqqi təcrübədir. Burada “Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi təxribatları ilə əlaqədar”, “Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair”, “Fransa Senatında Dağlıq Qarabağdakı qondarma qurumun tanınması məsələsinə baxılması ilə bağlı”, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması ilə əlaqədar” bəyanatlar, həmçinin “Dağlıq Qarabağ məsələsində Fransanın mövqeyinə dair” və müharibə dövründə 16 beynəlxalq təşkilata Azərbaycan ziyalılarının və vətəndaş cəmiyyəti üzvlərinin (o cümlədən 50 siyasi partiyanın) müraciətləri xüsusi olaraq qeyd olunmalıdır. İqtidar-müxalifət münasibətlərinin sağlam təməllər üzərində inkişaf etdirilməsi Prezident İlham Əliyevin dövlət siyasətini xarakterizə edən əsas göstəricilərdən biridir.

Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” şüarı xalqın qalib ruhunun güzgüsüdür. İqtisadi böhranlara, beynəlxalq təzyiqlərə və pandemiyanın yaratdığı çətinliklərə rəğmən dövlət başçısı xalqa arxalanaraq Azərbaycanı inkişafa doğru aparır. Regional təşəbbüslər Azərbaycanın möhkəmlənməsinə, bölgədəki əməkdaşlığın dərinləşməsinə xidmət etdi. Milli mənafelərlə bağlı problemlərin həllinə həssas və fəal yanaşma uzaq və yaxın xaricin də diqqətindən yayınmadı. Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində ölkəmiz 2012-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, dünyada beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı.

Azərbaycan Respublikası İƏT-nın ən aktiv və nüfuzlu üzvlərindən biridir. Azərbaycanın qlobal mədəniyyətlərarası dialoqun ünvanlarından birinə çevrilməsi ölkəmizin beynəlxalq statusunun və beynəlxalq tərəfdaşlarının sayının artmasına səbəb olmuşdur.

“Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” – deyən Prezident İlham Əliyev İqtisadiyyatın inkişafı və insanların sosial rifah halının yüksəldilməsi məqsədilə Azərbaycan Prezidentinin təşəbbüskarı olduğu qanun layihələri, həmçinin imzaladığı fərman və sərəncamlar əsasında həyata keçirilən sosial layihələr vətəndaşlarımızın yaşayış səviyyəsinə öz müsbət təsirini göstərir.

 Prezident İlham Əliyevin rəhbərliyi ilə görülmüş genişmiqyaslı işlər, sistemli və ardıcıl tədbirlər, dərin islahatlar nəticəsində hazırda Azərbaycan siyasi və makroiqtisadi baxımdan sabit, təhlükəsiz ölkə, regionun siyasi, iqtisadi və mədəni mərkəzi, irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı və fəal iştirakçısı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş, dünya kosmos ailəsinin üzvü, mühüm tranzit qovşağıdır.

 Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Müharibənin nəticəsində 300-dən çox şəhər və kənd döyüş meydanında işğaldan azad edildi. Düşmən ağ bayraq qaldırdı, təslim oldu və məcbur oldu ki, noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atsın. Bunun nəticəsində yüzlərlə şəhər və kənd bir güllə atmadan, bir şəhid vermədən geri qaytarıldı.

Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olundu. Noyabrın 10-da imzalanmış bəyanata əsasən noyabrın 20-də Ağdam rayonu Azərbaycana təhvil verildi. Bununla da rayonun işğal edilmiş 73 faiz ərazisi, o cümlədən Ağdam şəhəri azad olundu. Üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Kəlbəcər şəhəri də daxil olmaqla, 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da üçtərəfli bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşdı. Ehtiyacı olan bütün qazilərə, şəhid ailələrinə dövlət tərəfindən lazımi köməklik göstərilməkdədir. Müharibə dövründə əlini, qolunu itirmiş qazilərimiz üçün ən müasir protezlər sifariş edilmişdir. İndiyədək 10 mindən artıq şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilmişdir. Müharibə əlillərinə 7 mindən artıq minik avtomaşını verilmişdir. Əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün yaradılmış “YAŞAT” Fondu tərəfindən indiyədək edilmiş ödənişlərin məbləği 72 milyon manat təşkil edir. Azərbaycan şəhid ailələrinə göstərilən diqqətə görə dünya miqyasında nümunə sayıla bilər;

Müharibədən sonra Orduya ayrılan xərclər azalmayıb, əksinə, artırılıb.

- Ərazilərin azad olunmasından dərhal sonra genişmiqyaslı yenidənqurma işlərinə start verilmişdir. Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq sıfırdan yeni şəhər və kəndlər salır. 2021-ci ildə bu məqsədlə dövlət büdcəsindən 1,3 milyard, 2022-ci ildə isə 2.2 milyard ABŞ dolları məbləğində vəsait ayrılmışdır. Üç hava limanının inşa olunması, 100 kilometrlərlə dəmir yolunun çəkilməsi regionun logistik simasını tamamilə dəyişdirəcəkdir. Minlərlə kilometr avtomobil yolu çəkiləcək. Bütün bölgələrdə elektrik enerjisi ilə bağlı layihələr qısa müddət ərzində icra ediləcək. İçməli su və bununla bağlı işlər, kənd təsərrüfatı işləri, bir milyon insanı doğma məkanlarına qaytarılması, yüzlərlə məktəb, xəstəxana, idman kompleksləri, mədəniyyət ocaqların inşası, habelə digər irihəcmli işlər Böyük qayıdış çərçivəsində reallaşdırılacaqdır. Böyük Qələbə nəticəsində əldə olunmuş yeni reallıq təkcə Qarabağın bərpası və inkişafı ilə məhdudlaşmır. Qələbə bütün regiona sülh və davamlı inkişaf imkanını qazandırmışdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin gələcəyə xidmət edən strategiyası sayəsində regionun beynəlxalq statusu dəyişmiş və region ölkələrinin inkişafı üçün yeni imkanlar açılmışdır. Münaqişənin həlli regionun təhlükəsizliyi və kommersiya cəlbediciliyi baxımından strateji əhəmiyyətə malikdir. Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcəkdir.

Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilmişdir. Dövlət Proqramının əhatə dairəsini Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilər təşkil edir. Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, Dövlət Proqramının prioritet istiqamətləri, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapmışdır. Dövlət Proqramının hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınmışdır.

Bütün bu sadalananlar deməyə imkan verir ki, Azərbaycan xalqının iradəsi ilə formalaşan dövlətimiz etibarlı əllərdədir və ölkəmiz bir daha siyasi və iqtisadi təlatümlər yaşamayacaq.

Hacı Zaur Tarverdiyev

Sabhibkar