Hazırda Fransanın Azərbaycana qarşı rəsmi səviyyədə münasibəti açıq düşmənçilikdən başqa bir şey deyil. Uzun illərdən bəri erməni lobbisinin ciddi təsiri altında olan Fransa hökuməti və şəxsən prezident Emmanuel Makron Azərbaycanın apardığı 44 günlük əks-hücum əməliyyatları dövründə işğalçı ölkəyə kifayət qədər siyasi, iqtisadi və hərbi dəstək göstərib.
Fransanın hərbi kəşfiyyatı mütəmadi olaraq Ermənistana məlumatlar ötürüb, Fransadan Ermənistana raket sistemləri də daxil olmaqla silah-sursat göndərilib. Rəsmi Paris ən yüksək səviyyədə Azərbaycanın münaqişədə üstünlük qazanacağına imkan verməyəcəyini vəd edib. Bu ölkənin diplomatları Avropa paytaxtlarında Ermənistanın xeyrinə iş aparıblar və həmin fəaliyyəti indi də davam etdirirlər. Makronun noyabrın 16-da Rusiya Prezidenti Vladimir Putinə zəng etməsi Fransa hakimiyyətinin və diplomatiyasının bu istiqamətdə fəaliyyətini davam etdirdiyini aydın göstərir.
İndi isə Paris meriyası qondarma "Dağlıq Qarabağ Respublikası”nı tanımağa hazırlaşır. Prosesin Fransa hakimiyyəti tərəfindən sanksiyalaşdırıldığı şübhə doğurmur. Bununla bağlı Parisin meri Ann İdalqo xüsusi cəhdlər göstərir. O, qatı ermənipərəst mövqeyi ilə tanınır, onun erməni lobbisinin tam nəzarətində olduğu bildirilir. Hətta onun müavinlərindən biri erməni Anuş Toronyandır. Anuş Toronyan Fransa ermənilərinin təşkilatı CCAF-ın rəhbəri Ara Toronyanın qızıdır.
O da məlumdur ki, 2015-2018-ci illərdə Ann İdalqo Ermənistanın sabiq prezidenti Serj Sarkisyanla 4 dəfə görüşüb. İdalqo Ermənistanda yaradılmış "TUMO Center for Creative Technologies” mərkəzinin Paris bölməsinin açılışında iştirak edib və hərtərəfli dəstək göstərib. TUMO-nun Xankəndidə də ofisi olub. Paris meri seçkiləri keçirilən zaman İdalqonun rəqibi Rəşidə Datinin Azərbaycanla əlaqələri olması barədə kampaniyanın başında erməni əsilli Murad Papazyan və Ara Toronyan dayanıblar. O, Fransada erməni kilsəsinin açılışında iştirak edib, qondarma "erməni soyqırımı” ilə bağlı tvitlər paylaşıb. İndi bu şəxs qondarma "DQR”-in tanınması ilə bağlı iş aparır.
Amma Fransanın anti-Azərbaycan və Ermənistana dəstək cəhdləri indiyədək heç bir nəticə verməyib. Azərbaycan işğal altında olan torpaqları azad edərək heç bir qüvvənin tarixi ədalətin bərpasına maneçilik törətmək gücündə olmadığını bütün dünyaya göstərdi. Paris şəhərinin Dağlıq Qarabağdakı qondarma qurumu tanıması da heç bir nəticə verməyəcək. Bundan əvvəl İtaliyanın bəzi şəhərləri də tarixin arxivinə gömülmüş "DQR”-i tanıdı, lakin bunun heç bir praktiki nəticəsi olmadı və məsələ qısa zamanda unuduldu.
Fransa hakimiyyəti bu addımı planlaşdırmaqla qondarma rejimin ləğv olunmuş statusu məsələsini aktuallaşdırmaq, məsələni ölü qurum olan ATƏT-in Minsk qrupu müstəvisinə qaytarmaq niyyətini güdür. Fransa hakimiyyəti hələ də Azərbaycanın yaratdığı yeni reallığı qəbul edə bilmir. Yaranmış yeni reallıq isə 30 il ərzində mövcud olmuş status-kvonun qorunub saxlanmasını qəti şəkildə istisna edir. Fransa bundan sonra da ATƏT-in Minsk qrupu həmsədri kimi mandatına zidd fəaliyyətini davam etdirəcəyi təqdirdə, prosedurlara uyğun olaraq, Azərbaycan Fransanın həmsədrlik institutundan kənarlaşdırılması və digər ölkə ilə əvəz edilməsi məsələsini qaldıracaq.
Fransanın hazırkı cəhdləri bölgədə atəşkəsin təmin olunmasına və Rusiyanın münaqişənin həlli ilə bağlı göstərdiyi səylərə qarşı yönəlib. Fransa Rusiya və Türkiyənin münaqişənin həlli ilə bağlı fəallığına qısqanclıq edir və budan ciddi narahatdır.
Amma müxtəlif Avropa dairələrində Azərbaycanın mənfi imicinin formalaşdırılması istiqamətində fəal iş aparan Fransa öz tarixi keçmişinə nəzər salsaydı, daha məntiqli olardı. Fransa əli milyonlarla insanın qanına batmış, ayrı-ayrı xalqlara qarşı soyqırımı törətmiş ölkədir. Bu gün də bir sıra Afrika ölkələrində Fransa sabitliyin pozulması, hakimiyyətlərin devrilməsi, vətəndaş qarşıdurmasının təşkili ilə bağlı ardıcıl siyasət həyata keçirir. Fransa Əlcəzairdə, Vyetnamda, Mərakeşdə, Cibutidə, Çadda, Qabonda, Tunisdə milyonlarla sakini məhv edib. Tarix bunları unutmayıb.
İqbal MƏMMƏDOV,
Milli Məclisin deputatı