"Təəssüflər olsun ki, ermənilər burada da öz xislətlərini göstərdilər"

"Ölkə başçısı 2020-ci ilin yekunlarına həsr olunan müşavirədə minalardan təmizlənmə sahəsinin əsaslı şəkildə gücləndirilməsinə diqqət çəkdi. Prezident qeyd etdi ki, ANAMA yaxın günlərdə yenidən təşkil edilməlidir. Hətta qeyd olundu ki, Ərazilərin Bərpası Agentliyi ilə birləşdirilə bilər. Üstəlik, yeni yaradılacaq qurum ən müasir texnika ilə təchiz edilməlidir”.

Məsələ ilə bağlı fikirlərini Publika.az-la bölüşən Milli Məclisin deputatı Nəsib Məhəməliyev qeyd edib ki, ANAMA-nın vaxt məsələsi ilə bağlı dediyi məqamlar bizi qane edə bilməz:

"ANAMA-nın əməkdaşları apardıqları ekspertizadan sonra bəyan etdilər ki, 30 il ərzində işğal altında qalmış ərazilərin minalardan təmizlənməsi üçün 13-15 il vaxt lazımdır. Təbii ki, bu müddət bizi qane etmir. Cənab Prezident də haqlı olaraq qeyd etdi ki, bizə bu bölgələrin bərpası, yenidənqurma və məskunlaşdırma işləri aparmaq vacibdir. Bu baxımdan bizim 10-15 il gözləmək imkanımız yoxdur. Təcili olaraq orada infrastruktur layihələri icra edilir”.

Deputatın fikrincə, buna görə də müxtəlif dövlətlərdən, ələxsus da bizə dost olan ölkələrdən ayrı-ayrı mütəxəssislər cəlb olunur:

"Bizim yerli mütəxəssislərlə təlimlər aparılır. Rayonlar üzrə bölgülər keçirilir. Artıq operativ şəkildə bu proses başlanıb. Təbii ki, bu da məsələnin sürətləndirilməsinə, həmin ərazilərdə daha tez məskunlaşmaya gətirib çıxaracaq. Çünki ilk növbədə işğaldan azad edilmiş ərazilərin təhlükəsiz səviyyəyə gətirilməsi vacibdir. Bundan sonra infrastruktur layihələri icra olunacaq. Ardınca əhali orada məskunlaşacaq”.

Nəsib Məhəməliyev deyib ki, məsələni mürəkkəbləşdirən bir amili də nəzərdən çıxarmamalıyıq: "Biz elə bir vandallarla üz-üzə gəlmişik ki, onlar üçün hər hansı insani dəyər əhəmiyyət kəsb etmir. Çünki barışıq əldə olunandan, bəyanat imzalanandan sonra normal ölkələrdə ərazilərin xəritələri əks tərəfə verilməli idi. Çünki hərbi əsirlərin dəyişdirilməsindən tutmuş, təhlükəsizliyin qorunması, minalanmış xəritələrin qarşı tərəfə verilməsi məsələsi burada öz əksini tapmışdı. Təəssüflər olsun ki, erməni vəhşiliyi burada da özünü göstərdi. Normal məntiqə görə, minalanmış ərazilərin xəritələri bizə təqdim olunmalı idi. Bu, işi daha da sürətləndirərdi. Həmçinin prosesi daha təhlükəsiz həyata keçirmək imkanı yaradardı. Təəssüflər olsun ki, ermənilər burada da öz xislətlərini göstərdilər”.

Deputatın sözlərinə görə, ANAMA adlı bir təşkilat buna qədər agentlik strukturu kimi fəaliyyət göstərirdi. Yəni, Azərbaycanın hansısa dövlət orqanlarında təmsil olunmurdu:

"Təbii ki, bu da işin effektivliyini, səmərəliliyini azaldan haldır. Bu qurumun birbaşa dövlətə bağlılığı olmalıdır. Dövlət tərəfindən maliyyələşdirilməlidir ki, işlər daha keyfiyyətli və daha operativ şəkildə həyata keçirilsin. Bu qurum Ərazilərin Bərpası Agentliyinə birləşdirilə bilər. Hətta nazirliklərin birinə struktur vahidi kimi əlavə olunması mümkündür. Bu, o qədər də mahiyyət kəsb etmir. Əsas odur ki, cənab Prezident bu qurumun dövlət idarəetmə sisteminə daxil olması ilə bağlı təklif verdi. Onun dövlət büdcəsindən maliyyələşməsinin daha effektiv olacağını göstərdi. Hesab edirəm ki, bu, ümumi işə daha böyük töhfələr verəcək”.