Azər Badamovdan Solmaz Rüstəmovaya irad

Hörmətli Solmaz xanım!

Gecə yarısı Milli Məclisin qapısını sındırıb inzibati binada qarşısına nə çıxdı dağıdaraq saf düşüncəli, vətənpərvər, şəhidlərin ruhuna hörmət edən insanları dövlətə qarşı çevirmək istəyən ünsürlərə təxribatçı olmayıb başqa nə ad qoymaq olar. Gecə yarısı Milli Məclisin inzibatı binasında ölkədə xaos yaratmaq düşüncəsi ilə dövlətə qarşı şüarlar işlədənlərin bəlkə öz deputatını axtarırdılar deməklə haqq qazandırmağınızı başa düşə bilmirəm. Məlumat üçün bildirim ki, Milli Məclisin üzvüləri seçicilərin üzünə açıqdır və bu gün seçiciyə öz deputatı ilə görüşməyində heç bir çətinlik yoxdur. Biz deputatlar olaraq hər zaman seçicilərimizin yanındayıq.

Sizdən soruşmaq istəyirəm , deputatlar gecə saat 2-də işdə olmalı idilərmi? Gecə yarısı Milli Məclis fövqəladə iclas çağırmalıydımı və orada hansı məsələ müzakirə olunmalıydı?

Təbii ki , bu sualların cavabını Siz yaxşı bilirsiniz .

14 iyulda sən harada idin sualınıza cavab olaraq bildirmək istəyirəm ki, Şəxsən mən öz seçildiyim dairədə vətənpərvər, dövləti sevən insanlarla bir yerdə idim. Lazım olan vaxt isə Qusarlılarla bir yerdə ön cəbhədə olacayıq. Biz Ali Baş Komandanın əmrini gözləyirik. Torpaqlarımızın işğaldan azad olunmasını, müstəqilliyimizin əbədi olmağını, dövlətin daha güclənməsini, insanların rifahının yaxşılaşmasını istəyən hər bir ziyalı məsələlərə real dəyər verməli və insanları yanlış yoldan çəkindirməyə çalışmalıdır.

Allahın adından istifadə etməklə Allaha etinasızlıq göstərərək Milli Məclisin binasına girmiş bir qrup insanları dəstəkləyən yeganə anasınız. Təxribatçıları dəstəkləyən yeganə qadın professorsunuz, inanmıram kimsə sizə qoşulsun.

Siz soyqırımdan danışanda Sizə diqqətlə qulaq asıb içimdə böyük sevgi və sayğı yaşadırdım. Üzərinə Azərbaycan bayrağının dalğalandığı Milli Məclisin binasına girən təxribatçıları dəstəkləməklə Sizə olan milli sevgimi əlimdən aldınız. Mən bunu sizə heç vaxt bağışlamaram. Bundan sonra nə yazdıqlarınıza, nə də danışdıqlarınıza inam hissi olmayacaq. Övladları elə hərəkətlərə təhrik edən sizləri qoy şəhid anaları qınasın. Siz şəhidlər xiyabanının yanında olan bu təxribatçıları dəstəkləməklə şəhidlərin ruhunun nifrət ünvanına çevrildiniz. Çünki, şəhidlər o bayrağı qaldırmaq üçün özlərini qurban verdilər. Səhv hərəkətlərə yol verən gəncləri müdafiə etməklə tanrı qabağında cavabdehlik daşıyırsınız.

Allah Sizə rəhm eləsin!

Azər Badamov
Milli Məclisin deputatı