Deputat Prezidentə təşəkkür etdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə ölkə ərazisində 26 modul tipli məktəb inşa olunacaq. Sərəncama əsasən dövlət büdcəsindən 7 milyon manat vəsait ayrılıb.
44 saylı Sumqayıt-Xızı seçki dairəsinin deputatı Müşfiq Məmmədli Xeberle.com-a dövlət başçısının sərəncamını şərh edib. M. Məmmədli bildirib ki, son illər təhsil sahəsində inkişaf, təhsilin bütün sahələrində islahatların daha da dərinləşməsi dövrü kimi xarakterizə olunur. Təhsilin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biridir: "Son illərdə ölkədə təhsilin inkişafı sahəsində mühüm addımlar atılıb. Təhsilin normativ hüquqi bazası təkmilləşdirilib, maddi-texniki təminatı istiqamətində Prezidentinin sərəncamları əsasında geniş tədbirlər həyata keçirilib. Təhsilin inkişafı hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı onu təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin mühüm strateji istiqamətlərindən biri və bəlkə də ən başlıcasıdır.

M. Məmmədli seçicilər adından Prezidentə təşəkkür də edib: "Ölkə başçısının imzaladığı sərəncama son sərəncama əsasən Xızı rayonunun Türkoba kəndində ümumi dəyəri 256 min manat olan modul tipli ümumi orta məktəb binası quraşdırılacaq. Ölkə rəhbərinə təhsilə diqqət ayırdığı üçün həm öz, həm də seçicilərimiz adından dərin təşəkkürümü bildirirəm".