Deputat: Qarabağ Dirçəliş Fondu ölkəmizin həyatında yeni dövrün başlanğıcına təkan verəcək

Artıq şanlı tarixə çevrilmiş 2020-ci il Azərbaycan xalqı üçün istər siyasi, istər diplomatik, istərsə də digər sahələr üzrə uğurlarla yadda qaldı. İlin ən mühüm uğuru isə 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və komandanlığı ilə qazanılan şanlı tarixi Qələbəmizdir. Qibtə ediləcək bu böyük Zəfər nəticəsində torpaqlarımız Ermənistanın işğalından azad olundu və 30 ilə yaxın davam edən Qarabağ münaqişəsinə son qoyuldu.

BunuAZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Xasayeva bildirib.

"Yenicə qədəm qoyduğumuz 2021-ci il isə qalib ölkəmizin qarşısında yeni tarixi dövr açır. Bu il tarixə dirçəliş ili kimi düşərək yaddaşlarda əbədi qalacaqdır. Artıq Prezident İlham Əliyevin "Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsin yaradılması haqqında imzaladığı Fərman dirçəlişin başlanğıcı kimi xalqımızın qarşısında yeni üfüqlər açır. Bu Fərman uzun müddət ərzində erməni qəsbkarları tərəfindən maddi və mədəni sərvətləri talan edilmiş ərazilərimizin yenidən həyata qaytarılmasına, ölkəmizin siyasi, iqtisadi, hərbi və mədəni həyatında yeni dövrün başlanmasına təkan verəcək. Fondun vəsaitlərinin fiziki və hüquqi şəxslərin ianələri, qrantlar və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşması işğaldan azad edilmiş rayon, şəhər, qəsəbə və kəndlərdə bərpa-quruculuq işlərinin geniş vüsət alması üçün geniş imkanlar açacaq. Bu isə ölkəmizin sosial-iqtisadi inkişafına, müdafiə qüdrətinin daha da möhkəmləndirilməsinə müsbət təsir göstərməklə onun regionda gedən siyasi-iqtisadi proseslərdə söz sahibi olmasında mühüm və əvəzolunmaz rol oynayacaq”, - deyə S.Xasayeva qeyd edib.

Deputat əminliklə vurğulayıb ki, qarşıda duran çətin və son dərəcə şərəfli vəzifələrin öhdəsindən uğurla gəlmək üçün yaşadığı yerdən, yaşından, cinsindən, təhsilindən, maddi imkanından asılı olmayaraq, hər bir azərbaycanlı işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin aparılmasına dəstək göstərəcək və dirçəliş tariximizə öz layiqli töhfəsini verəcək. Onların bütün potensialının tikinti-quruculuq və abadlıq işlərinə səfərbər edilməsi ölkəmizin inkişafında əvəzedilməz rol oynamaqla xalqımızın birliyinin növbəti təzahürü olacaq.

"Qarabağ Dirçəliş Fondunun yaradılması qalib ölkəmizin vətəndaşlarının qəlbində qürurverici tarix kimi qalacaq. Çünki Fondun həyata keçirəcəyi tədbirlər nəticəsində işğaldan azad edilmiş bütün torpaqlarımız yenidən qurularaq laləzara çevriləcək, insanlar öz doğma torpaqlarına, dədə-baba yurdlarına böyük sevinc və məhəbbətlə qayıdacaq, dövlətimizin möhkəmlənməsinə öz vətəndaşlıq töhfələrini verməkdən həmişə qürur duyacaqlar. Dirçəlişin mübarək, qalib Vətən!”, - deyə Səbinə Xasayeva bildirib.