Deputat: “Köçkünlər üçün nəzərdə tutulan mənzillərin şəhid ailələrinə verilməsi ən düzgün addımdır”

"Cənab Prezidentin məcburi köçkünlər üçün nəzərdə tutulmuş evlərin şəhid ailələrinə verilməsi barədə qərarı çox düzgün və ədalətli qərardır. Çünki zamanında məcburi köçkün şəhərcikləri salınanda orada köçkünlər torpaqlar işğaldan azad edilənədək müvəqqəti yerləşdirilməsi nəzərdə tutulurdu. İndi torpaqlar işğaldan azad edildiyindən məcburi köçkünlər işğaldan azad olunacaq ərazilərdə tikiləcək yaşayış məntəqələrinə köçürüləcək. O baxımdan da həmin evlərə şəhid ailələrinin köçürülməsi mənəvi baxımdan da doğru addımdır”.

Bunu "Ölkə.Az”a açıqlamasında millət vəkili İltizam Yusifov Prezident İlham Əliyevin 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə şəhid ailələrinin köçkün evlərin köçürülməsi ilə bağlı fikrini şərh edərkən deyib.

Millət vəkilinin sözlərinə görə, o baxımdan da Dövlətqaçqınkomun balansında olan mənzillər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına keçməsi düzgün addımdır. "Ölkə başçısının dediyi kimi həmin mənzillər və evlər həm müharibəyə qədər növbədə dayanan şəhid ailələri, həm də İkinci Qarabağ müharibəsində şəhid olmuş qəhrəman hərbçilərimizin yaxınları bu evlərdə yerləşdirilməlidir və evlərin şəhid ailələrinə vermək çox düzgün qərardır”- o qeyd edib.

Millət vəkili bildirib ki, cənab Prezidentin müşavirədəki çıxışı ümumiyyətlə işğal altında olan torpaqlara qayıdışın təmin edilməsi baxımında proqram xarakterli çıxış idi: "Cənab Prezident çıxışında işğaldan azad ediləcək ərazilərdə görüləcək qurucluq işləri və inkişaf proqramı baxımından kompleks tədbrilər planı haqqında ətraflı məlumat verdi. Ölkə başçısı bir daha sübut etdi ki, verilən sözlə əməl arasında vəhdət var. Çünki verilən bütün vədlərə əməl olunur. Ümumiyyətlə torpaqların azad edilməsi bölgədə regional əməkdaşlıq baxımından yeni situasiya yaradıb. Və cənab Prezident də yeni yaranmış vəziyyətə uyğun əməkdaşlıq barədə anonslar verib. Yeni əməkdaşlıq formatından Ermənistan da faydalana bilər. Onu da qeyd edim ki, bu gün Ermənistanın üzləşdiyi hərtərəfli böhran yürütdüyü işğalçılıq siyasəti nəticəsində olub. Əgər Ermənistan sülh yolu ilə işğalçılıq niyyətindən əl çəksəydi, bugünkü ağır böhranlı vəziyyətlə üzləşməzdi. İndi isə Ermənistanın üzləşdiyi vəziyyətdən çıxması üçün uzun illər lazım gələcək. Əgər Ermənistan üzləşdiyi ağır böhranlı vəiyyətdən çıxması üçün Azərbaycanla beynəlxalq hüquq prinsiplərinə əsaslanan normal qonşuluq münasibətləri qurmalıdır. Əks təqdirdə daha acınacaqlı vəziyyətlə üzləşəcək. Bunu ölkə başçısı da müşavirədə çıxışında da xatrılatdı. Bildirdi ki, Ermənistanda hələ də revanşist qüvvələr var və biz onların bəyanatlarını diqqətsiz qoya bilmərik. "Amma hər kəs bilməlidir ki, əgər bizim sərhədimiz pozularsa, onu pozan cəzalandırılacaq və belə təxribatlar bu qüvvələrə çox baha başa gələcək”- cənab Prezident qeyd etdi.

Bir sözlə, planlar böyükdür. Müharibənin başa çatmasından iki aya yaxın vaxt keçməsinə baxmayaraq işğaldan azad olunan ərazilərdə çox böyük bərpa işlərinə başlanılıb. Əsas məqsəd orada qısa zamanda normal həyatı bərpa etməyə xidmət edir. Ona görə 2021-ci il bu baxımdan çox əlamətdar il olacaq və Azərbaycan xalqı və bütün dünya görəcək ki, bizim niyyətimiz həyatda öz əksini tapır, bizim planlarımız həyatda gerçəkləşir. Biz qısa zamanda işğal olunmuş əraziləri cənnətə çevirəcəyik”.