Göyçay xəstəxanasının pandemiya ilə mübarizəyə ayrılması qərarı ləğv edildi

Göyçay Rayon Mərkəzi Xəstəxanasının pandemiya üçün mübarizə xəxtəxanasına çevrilməsi ilə bağlı qərar ləğv olunub.

Bu barədəOxu.Az-a açıqlamasında Göyçay RMX-nin direktoru Elçin Bilalov məlumat verib.

O bildirib ki, ötən gün bu istiqamətdə qərar verilsə də, TƏBİB nümayəndələri tərəfindən məsələyə yenidən baxılıb:

"Xəstəxanamızın iyunun 17-də koronavirusla mübarizə məqsədilə pandemiya xəstəxanasına çevrilməsinə qərar verilmişdi. LakinTƏBİB tərəfindən bu istiqamətdə yenidən müzakirələr aparılıb.

Bizim xəstəxana beşregiona xidmət göstərir. Göyçay RMX-nin bölgənin ən böyük xəstəxanası olması nəzərə alınaraq, pandemiya üçün mübarizəyə ayrılması istiqamətində verilən qərar ləğv edilib.

Bizim xəstəxananın yerinə Ağsu Mərkəzi Rayon Xəstəxanasının pandemiya ilə mübarizəyə bağlanmasına qərar verilib. Göyçay Rayon Mərkəzi Xəstəxanası əvvəlki qaydada öz fəaliyyətini və xəstə qəbulunu davam etdirir”.