Könül Nurullayeva AŞ PA-nın komitə iclasında çıxış edib

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Sosial Əlaqələr, Sağlamlıq və Dayanıqlı İnkişaf Komitəsinin növbəti iclas-dinləməsi keçirilib.

Sabahinfo.az-ın məlumatına görə, toplantıda əsas diqqət COVİD-19 pandemiyası və bu kimi mümkün gələcək böhranlara hazır olmaq üçün qlobal tibbi təchizat zəncirlərinin Avropa, eləcə də, dünya kontekstində təhlükəsiz, keyfiyyətli və dayanıqlı şəkildə təmin olunmasına yönəlib.

Müzakirələrdə iştirak edən Milli Məclisin deputatı, Azərbaycanın AŞ PA-dakı daimi nümayəndəsinin üzvü Könül Nurullayeva da bir çox səmərəli təkliflər irəli sürüb. Millət vəkili bildirib ki, bu mövzuda ticarət tərəfdaşları ilə tənzimləyici əməkdaşlığın yaradılması prioritet məsələdir: "Hesab edirəm ki, davamlı inkişaf məqsədilə ən çox ehtiyac duyulan ərazilərdə tibbi ləvazimatların ilkin təşkili gündəlikdə müzakirə olunmalıdır. Tədqiqatın vacibliyini nəzərə alaraq, tibbi təchizat zəncirindəki dekonstruktiv hadisələrin öyrənilməsi üçün məlumat bazalarının yaradılması və izlənilməsi də mühüm əhəmiyyət kəsb edir”.

Toplantıda iştirak edən digər parlamentarilər də mümkün böhranlara hazır olmaq üçün preventiv tədbirləri əks etdirən təklif və tövsiyələr səsləndiriblər.