"Fransa qanunvericilik orqanları Yelisey sarayının oyuncağına çevrilib”

“Fransa qanunvericilik orqanları tərəfindən Azərbaycan əleyhinə hər iki qətnamənin belə yekdil şəkildə qəbul olunması onu göstərir ki, Fransa Senatı və Milli Assambleya Yelisey sarayının oyuncağına çevrilib”.

Sabahinfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Cavanşir Feyziyev səsləndirib.

Onun sözlərinə görə, hələ 44 günlük müharibədə Azərbaycanın mövqeyini dəstəkləyən siyasi şərhçilərin, elm adamlarının təhdid olunduğunun şahidi olduq.

Deputatın fikrincə, indi Fransanın bu qətnamələri də onu göstərir ki, bu, real addımdan daha çox Azərbaycana təzyiq vasitəsidir.

"Hələ biz bir müddət əvvəl bu yöndə Fransaya çağırış etmişdik. Düşünürəm ki, budəfəki qətnaməyə Milli Məclisin bəyanatla cavab verməsinə ehtiyac yoxdur. Bizim buna ən böyük cavabımız işğaldan azad olunmuş ərazilərin qurulub-abadlaşdırılması, "Böyük Qayıdış"ın reallaşdırılması, Ermənistanın sülhə məcbur edilməsindən ibarət olmalıdır”, - deputat əlavə edib.