"Fransanın qanlı müstəmləkə cinayətləri bəşəriyyət üçün ləkədir" - Vüqar Rəhimzadə

Dövlətlərarası münasibətlərdə etimad mühitinin mövcudluğu əsasdır. Hazırkı dövrdə dünyada cərəyan edən proseslərə diqqət yetirsək görərik ki,  etimadın və inamın olmaması hadisələrin gərginləşməsinə yol açır. Reallıq budur ki, bu gün dünya sözün əsl mənasında beynəlxalq hüquq problemini yaşayır. Azərbaycan dövləti 30 il davam edən işğal dövründə dünyanın aparıcı dövlətlərindən və nüfuzlu beynəlxalq təşkilatlardan ikili standartlara  əsaslanan siyasəti bir kənara qoyub hadisələrə real münasibət bildirməyi, BMT qətnamələrinin icrası üçün vahid mexanizmin müəyyənləşdirilməsini tələb etsə də bu çağırışlara laqeyd yanaşma sonda müharibəni qaçılmaz etdi. Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfəri ilə 30 ilin işğalına son qoydu və dünyaya sübut etdi ki, ədalət, beynəlxalq hüquq deyilən məfhumlar var, sadəcə onların tətbiqinin zamana və məkana görə  həyata keçirilməsi yeni münaqişələrə yol açır.

Bu fikirləri "Unikal"a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə deyib. 

Azərbaycan tarixi Zəfəri ilə bu mühüm məqamı da təsdiqlədi ki,  dünya güclərinin ikili standartlara əsaslanan siyasətinə, ədalətin maraqların arxasında əriməsinə baxmayaraq  mübarizə  beynəlxalq hüququn norma və prinsiplərinə söykəndikdə, təbliğat tarixi həqiqətlər əsasında aparıldıqda  sonda ədalət zəfər çalır. 44 günlük İkinci Qarabağ müharibəsi bunun bir daha təsdiqi olmaqla yanaşı, dünya siyasətində dəyişikliklərin zəruriliyi məsələsini də gündəmə gətirdi ki, bunlardan biri məhz BMT Təhlükəsizlik Şurasının tərkibinin genişləndirilməsi məsələsidir. Təbii ki, bunları xatırlatmaqda məqsədimiz bəllidir.

Hazırkı dönəmdə regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasının əsas çağırış kimi gündəmdə olduğu bir zamanda  bəzi dünya güclərinin, xüsusilə Fransanın hələ də ikili standartlara əsaslanan siyasətindən əl çəkməyərək Ermənistanı “ərköyün uşaq” kimi bəsləyərək ona qayğısını  ədaləti və beynəlxalq hüququ kobud şəkildə pozmaqla  həyata keçirməsi diqqətdən kənarda qalmır. Fransa  Qarabağ münaqişəsi tarixə qovuşduğu andan regionda vəziyyəti gərginləşdirmək yolunu tutaraq gah münaqişənin  həll edilmədiyini bildirir, gah da utanmadan  Azərbaycanı  işğalçılıq siyasəti yürütməkdə ittiham edir. Əslində tarixi müstəmləkəçilik siyasəti ilə zəngin olan  Fransadan başqa mövqe  gözləməyə də dəyməz. Afrikada, Asiyada və ərəb dünyasında milyonlarla insanın həyatına qəsd edən Fransa imperializminin bu cür siyasəti onun iç üzünü tam çılpaqlığı ilə ortaya qoyur. Fransanın milli azlıqlara qarşı qərəzli münasibət göstərməsi, dini ayrı-seçkiliyi son illər daha açıq xarakter alıb. Vüqar Rəhimzadə qeyd edib ki, dövlət başçısı İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən Nazirlər görüşündə də  bu məsələyə xüsusi diqqət yönəltdi. Bildirdi ki,  Fransa hakimiyyəti başqalarına mühazirə oxumağa cəhd etmək əvəzinə, öz ölkəsində  narahatedici meyillərlə mübarizə aparmalıdır. Fransa hətta Korsika dilinə qadağa qoyur və etnik azlıqlar konsepsiyasını qəbul etmir, lakin, eyni zamanda, özünü Azərbaycandakı erməni milli azlığının müdafiəçisi kimi göstərməyə çalışır. Bu, riyakarlıq və ikili standartlardan başqa bir şey deyil.

YAP Xətai rayon təşkilatının sədri onu da əlavə edib ki,  Avropada ən çox müsəlmanın yaşadığı Fransada hər zaman İslam dininə qarşı təhqirlərin, etirazların şahidi olmuşuq.  Fransa bu ölkədə yaşayan etnik azlıqlara qarşı olduqca qərəzli siyasət yürüdür və ayrı-seçkilik tətbiq edir. Bu fakt inkaredilməzdir ki, Fransada  yaşayan fərdlərin irqi, etnik və dini mənsubiyyəti barədə məlumatın toplanması birmənalı qadağan edilib. Bu qadağalar davamlı ayrı-seçkilik hallarının qarşısını almaq və mübarizə tədbirləri görmək üçün səmərəli mexanizmlərin tətbiqinə imkan vermir. Başqa dinlərə nifrət zəminində törədilən cinayətlərin rəsmi statistikası aparılmasa da, ölkənin müsəlman əhalisi, qaradərili fransızlar, digər etnik və dini qruplara, xüsusilə müsəlmanlara qarşı qadağalar artır, dini məktəblər bağlanır, dərnəklər ləğv edilir, məscid tikintisinə icazə verilmir, imamlar məscidlərdən qovulur, hicab qadağası genişlənir, ifadə azadlığı adı altında müsəlmanların müqəddəs saydıqları inanclar təhqir edilir. Bu,  bir daha onu göstərir ki, Fransada mənəvi və dini ayrı-seçkilik meyilləri artır, sivilizasiyaların toqquşması tezisi təbliğ edilir.

Vüqar Rəhimzadə onu da bildirib ki, Prezident İlham Əliyev sözügedən tədbirdə diqqəti  bu yaxınlarda Əlcəzair əsilli 17 yaşlı yeniyetmənin Fransa polisi tərəfindən qətlə yetirilməsinə yönəldərək  bunun həmin ölkədə irqçiliyin və islamofobiyanın daha bir əlaməti olduğunu bildirdi.  O da qeyd edildi ki, bu baxımdan  BMT-nin polisin atəş açmasını pisləyən və Fransanı “hüquq-mühafizə orqanlarında irqçilik və ayrı-seçkiliyin dərin problemlərini ciddi şəkildə həll etməyə” çağıran bəyanatını dəstəkləyirik. Fransada, xüsusilə də mediada,  internetdə müəyyən etnik azlıqlara qarşı davamlı və geniş şəkildə yayılmış irqçi, ayrı-seçkilik salan fikirlər, rəsmi şəxslər və parlamentin iki palatasının üzvləri tərəfindən irqi nifrət xarakterli çıxışlar getdikcə artmaqdadır. Əcdadları müstəmləkə siyasətinə məruz qalmış, qul kimi istifadə olunmuş, öldürülmüş, işgəncələr görmüş və alçaldılmış milyonlarla insanlardan üzr istənilməsi yalnız Fransanın tarixi günahının etirafı olmayacaq, həm də Fransanın Əlcəzair əsilli yeniyetmənin vəhşicəsinə öldürülməsindən sonra qarşılaşdığı dərin siyasi, sosial və humanitar böhranın nəticələrinin aradan qaldırılmasına kömək edəcək.

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, Fransada islamofobiya bu ölkənin tarixi müstəmləkəçilik siyasəti nəticəsində formalaşıb və Makron hökumətinin yürütdüyü irqçi siyasətlə daha geniş vüsət alıb. Ermənistana siyasi, hərbi dəstəyini əsirgəməyən Fransa ilə ölkəni  birləşdirən dəyərlər də işğalçılıq, separatçılıq, ksenofobiya, terrorçuluq, başqa xalqlara məxsus sərvətlərin mənimsənilməsidir.  Bununla Fransa Ermənistanı müdafiə etməklə yanaşı, həm də özünün müstəmləkəçilik siyasətinə haqq qazandırmış olur. Dövlət başçısı İlham Əliyev çıxışında diqqəti bu statistik rəqəmə də yönəltdi ki,   Fransanın soyqırımlarla dolu hakimiyyəti dövründə 1,5 milyona yaxın əlcəzairli qətlə yetirilib. Hələ də Paris muzeyində əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümükləri müharibə qənimətləri kimi saxlanılır. Bu, utancverici və iyrənc hərəkətdir. Ölkə Prezidenti Fransanın öz müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə və soyqırımı aktlarına görə Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub-Şərqi Asiya ölkələrindən və digər ölkələrdən üzr istəməli olduğunu da diqqətə çatdırdı.

Vüqar Rəhimzadə belə bir ümumiləşdirməni aparıb ki, ölkəmizdə keçirilən mühüm beynəlxalq tədbirlərin mahiyyətini  xeyirxahlıq, birlik, əməkdaşlıq prinsipləri təşkil edir. Bu tədbirlərdə dünya ictimaiyyətinə humanizm çağırışları ünvanlanır. Dövlət başçısı İlham Əliyevin digər çıxışları kimi, Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən Nazirlər görüşündəki nitqi də Ermənistana və ikili siyasəti ilə dünyada etimadsızlıq mühitini dərinləşdirən Fransaya ciddi mesajları ilə yaddaqalan oldu. Ədaləti və beynəlxalq hüququ özlərinin iyrənc siyasətlərinə qurban verməyə çalışan Fransa kimi bəzi dünya gücləri belə bir reallığı qəbul etmək məcburiyyətindədirlər ki, özlərinin öyrənəcəkləri və tətbiq edəcəkləri  dəyərlər var.