Füzuli şəhərinin işğaldan azad olunması tariximizin şanlı səhifəsidir

Azərbaycanın ən iri yaşayış məskənlərindən olan və əsası hələ 1827-ci ildə qoyulmuş, tarixi abidələrlə, xüsusən də türbələrlə zəngin olan Füzuli rayonunun böyük hissəsinin 23 avqust 1993-cü ildə erməni silahlı qüvvələri tərəfindən işğal olunması artıq tarixə qovuşan silahlı münaqişənin qanlı səhifələrindən biri kimi yadda qalmışdır. 663 nəfərin qətlə yetirilməsi, 400 nəfərədək insanın ciddi şəkildə yaralanması, 181 nəfərin  əsir və itkin düşməsi ermənilərin müharibə cinayətləri və insanlıq əlehinə cinayətlərinin ağır nəticələri olmuşdur. 
Ulu Öndər Heydər Əliyevin əmri ilə 5 yanvar 1994-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hücumu nəticəsində Füzuli rayonunun 22 yaşayış məntəqəsinin işğaldan azad edilməsi ilk qələbəmiz olaraq, qələcəkdə düşmən qüvvələrinin Azərbaycanın əzəli və əbədi torpaqlarından tamamilə qovulacağından xəbər verirdi. Dövlət Başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman Azərbaycan Ordusu 2020-ci il  17 oktyabr tarixində Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhərini işğaldan azad etmişdir. Ümumiyyətlə Füzuli əməliyyatı İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş möhtəşəm hərbi əməliyyat kimi yaddaşlarda qalmışdır. Füzuli zəfəri Azərbaycan Silahlı Qüvvələrinin  böyük döyüş qabiliyyətini və müasir texniki təminatını əyani formada bütün dünyaya nümayiş etmişdir. Füzuli uğrunda döyüşlərdə şücaət və şəxsi igidlik qöstərən 25301 hərbi qulluqçu Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. 
Füzulinin azad edilməsi eyni zamanda beynəlxalq birliyə əyani formada erməni vandalizminin nəticələrini – dinc əhalinin qətlə yetirilməsi, mülki infrastruktur obyektlərinin məhv edilməsi, təbiətə bərpa olunmayan ziyan vurulmasını nümayiş etdirdi. Füzuli işğaldan azad olunan rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayondur, beynəlxalq humanitar hüquqa zidd olaraq burada yüz mindən çox mina basdırılıb və mülki əhaliyə ciddi təhdid yaradır. Bütün bu cinayətlərə görə Ermənistanın beynəlxalq səviyyədə məsuliyyəti qaçılmazdır. 


Nizami Səfərov, Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü