Füzulidə hesabat-seçki yığıncağı keçirilib

“Kənd-Qida İş” Həmkarlar İttifaqı Federasiyasının (HİF) xidmətinə aid olan Füzuli Suvarma Sistemləri İdarəsinin Həmkarlar ittifaqı komitəsində hesabat-seçki yığıncağı keçirilib.

Yığıncaqda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Aparat rəhbərinin müavini Qara Ağayev,  İdarənin rəisi Atakişi Babayev, “Kənd-Qida İş” HİF-nin Aparat rəhbəri – Təşkilat və təlimat şöbəsinin müdiri Rüfət Bürcəliyev və ittifaq üzvləri iştirak ediblər.

Tədbirdə komitənin və Təftiş komissiyasının hesabatları dinlənilib və hesabat dövründəki fəaliyyət ittifaq üzvləri tərəfindən kafi qiymətləndirilib.

Tədbirdə çıxış edən İdarənin rəisi Atakişi Babayev həmkarlar ittifaqının işçilərə göstərdiyi dəstəkdən, AHİK-in Aparat rəhbərinin müavini Qara Ağayev üzvlərin əmək və sosial hüquqlarının müdafiəsi istiqamətində görülən işlərdən, “Kənd-Qida İş” HİF-nin Aparat rəhbəri – şöbə müdiri Rüfət Bürcəliyev isə işçilərin sağlamlıqlarının qorunması və istirahətinin təşkilindən, onlara göstərilən maddi dəstəkdən söz açıb.

Sonda açıq səsvermə yolu ilə həmkarlar ittifaqı komitəsinin və təftiş komissiyasının tərkibi formalaşıb, Mikayıl Şərifov yekdilliklə  komitənin sədri seçilib.