"Göstərilən diplomatik səylər 2023-cü ildə öz nəticəsini verəcək"-MÜSAHİBƏ

Milli Məclisin deputatı Azər Kərimli SABAHİNFO.AZ saytına müsahibə verib. Müsahibəni təqdim edirik:

 

-Azər müəllim 2022-ci ilin başa çatmasına qısa zaman qalıb. Ümumilikdə bu ili ölkəmizin ictimai-siyasi həyatı üçün necə dəyərləndirərdiniz?

-2022-ci il Azərbaycan üçün dinamik və uğurlu keçib. Ən önəmli məqamlardan biri milli hədəflərimizə inamla addimlamağamız, Azərbaycan Respublikası vətəndaşlarının, bütövlükdə dünya azərbaycanlılarının həmrəyliyi və bütün çağırışlara qarşı vahid milli iradə nümayiş etdirmək bacarığımızdir. Bu gün sayı 50 milyondan çox olan Azərbaycan xalqı vahid bir lider və ideya ətrafında birləşərək birliyimiz, bütövlüyümüz uğrunda, işğaldan azad etdiyiniz ərazilərin yenidən qurulması və bərpası üçün misli görünməmiş bir mütəşəkkillik, fədakarlıq nümayiş etdirir.
Bu sırada sistemili bir ardıcıllıqla həyata keçirilən struktur və kadr islahatlarını, müzəffər ordumuzun döyüş qabiliyyətinin artırılması, modernləşdirilməsi istiqamətində atılan addımları, yeni infrastruktur və loqistika layihələrini də nəzərə alsaq, 2022-ci ildə əldə olunan nəticələrin qarşıdakı illərdə özünü daha qabarıq büruzə verəcəyini deyə bilərik.

-Azərbaycanın artan nüfuzunu həzm edə bilməyən qüvvələr qərəzli bəyanatlar səsləndirirlər. Sizcə bu kimi bəyanatların nə kimi siyasi çəkisi var?

-Cənubu Qafqazda öz maraqlarını qorumaq istəyən qüvvələr uzun illər bu məqsədlərini Azərbaycan ərazilərinin işğalı üzərindən həyata keçirməyə çalışıblar. Bir qayda olaraq, münaqişələr bu və ya digər bölgəyə müdaxilə etmək üçün əlverişli imkanlar yaradır. Torpaqlarımızı işğaldan azad etməyimiz isə bölgəyə münaqişəli, böhranlı vəziyyətlər müstəvisindən müdaxilə etməyə alışan qüvvələrin manevr imkanlarını məhdudlaşdırıb. Azərbaycana qarşı aqressiv bəyanatların əsasında da məhz bu amillər dayanır. Şübhəsiz ki, bu bəyanatların ölkəmizin mövqeyinə, regionda yaratdığı reallıqlara təsir göstərmək, bizi öz hədəflərimizdən yayındırmaq gücü və potensialı yoxdur.

-Sizin İtalya Azərbaycan dostluq qrupunun fəaliyyətinin genişləndirilməsində mühüm rolunuz var. Bu fəaliyyət parlament diplomatiyasında və Azətbaycanın haqq səsinin müdafiəsində nə kimi rol oynaýır?

-Azərbaycan və İtaliya yüksək strateji tərəfdaşlıq münasibətlərinə malik olan ölkələrdir. İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır.  Torpaqlarımız işğal altında olan zaman İtaliya Azərbaycanın ərazi bütövlüyü ilə bağlı prinsipial mövqe sərgiləyən, rəşadətli, müzəffər Ordumuzun qələbəsindən sonra ölkəmizi təbrik edən bir dövlətdir və Azərbaycanın strateji tərəfdaşı kimi azad olunmuş ərazilərimizdə həyata keçirilən quruculuq prosesində də fəal iştirak edir. İtaliya şirkətləri işğaldan azad etdiyimiz ərazilərdə həyata keçirilən quruculuq-bərpa işlərində fəal iştirak edirlər.  Məlum olduğu kimi parlament diplomatiyası müasir dövrdə dövlətlərarası münasibətlərin inkişafında əhəmiyyətli yer tutur. Yeri gəlmişkən qeyd edim ki, İtaliya parlamentinin nümayəndə heyəti 2020 ci ilin dekabrında işğaldan azad edilmiş torpaqlarımıza səfər edmiş ilk Avropa parlament nümayəndə heyəti idi. 
Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupu da Milli Məclisin sədri hörmətli Sahibə Qafarovanın tövsiyyələrinə uyğun olaraq, hər iki ölkənin qanunverici orqanları arasında əlaqələrin daha da genişləndirilməsinə çalışır.

-İran son zamanlarda pərdə arxası oyunlarını açıq səhnəyə daşıyıb. Bu tamaşanın qəhrəmanı kimdir?

-İranın oyunları bizim üçün hər zaman açıq olub. Yəni torpaqlarımızın işğal altında olduğu dövrdə də biz Iranın Ermənistana hərtərəfli dəstək verdiyi barədə məlumatlı olmuşuq. Sadəcə Azərbaycan yaxın qonşuluq münasibətlərinə böyük əhəmiyyət verdiyi üçün İranın ermənipərəst siyasətinə bu illər ərzində maksimum dözümlü yanaşmağa çalışıb. Lakin Azərbaycanın işğalçı Ermənistan üzərində qələbəsindən sonra Tehran rejimi ənənəvi məkrli siyasetini açıq düşmənçilik müstəvisinə keçirib. Belə olduğu təqdirdə, Azərbaycan beynəlxalq hüququn müstəqil subyekti, milli ləyaqət hissini yüksək tutan bir dövlət kimi davranmağa, bütün təhdidlərə adekvat cavab vermək əzmindədir. Heç kim bizimlə təhdid dili ilə danışa bilməz. Danışmaq istəyənlərin aqibəti isə göz qabağındadır. Cənubi Qafqaz teatr səhnəsi deyil ki, burada kimlərinsə quruluş verdiyi tamaşaların baş qəhrəmanları olsun. Azərbaycan real proseslərin baş qəhrəmanıdır və bu statusu döyüş meydanında qazanıb.

-Sülh prosesi ilə bağlı 2023-ci il üçün gözləntiləriniz maraqlıdir…

-Azərbaycan sülh müqaviləsinin tez bir zamanda imzalanması, regiona davamlı sülhün gəlməsi üçün bütün addımları atır. Umid edirəm bu il ərzində göstərilən diplomatik səylər 2023-cü ildə öz nəticəsini verəcək.

-Parlamentin Plenar iclaslarında çıxışlara yazılmırsınız. Sirr deyilsə bunun səbəbləri barəsində nə deyə bilərsiniz?

Parlamentarinin fəaliyyəti yalnız plenar iclaslarda çıxış etməklə yekunlaşmır. Qanunvericilik aktları ilə bağlı müvafiq komitələrin iclasında fikir söyləmək, müzakirə etmək imkanı olur. Ehtiyac duyulduqda mövqeyimi ifadə edirəm.  Bir deputat kimi mütəmadi olaraq, seçicilərimlə görüşür, onların problemlərinin həllinə yardım etməyə cəhd göstərirəm.  Milli Məclisin beynəlxalq əlaqələrinin genişlənməsi prosesinə  töhfə vermək üçün əlimdən gələni əsirgəmirəm.  Bundan başqa, məlum olduğu kimi Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin və Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəriyəm. Hər iki istiqamət davamlı və sistemli fəaliyyət tələb etdiyi üçün həmin istiqamətlərə daha çox diqqət ayırmağa çalışıram.

Ədil Ədilzadə 
SABAHİNFO.AZ