Göygöldə cüdo üzrə “Yaponiya-Azərbaycan Dostluğu” Səfir Kuboku keçirilib 

11-12 may 2023-cü il tarixdə Göygöl Olimpiya İdman Kompleksində cüdo idman növü üzrə 13 yaşa qədər kiçik yaşlı yeniyetmə cüdoçular arasında “Yaponiya-Azərbaycan Dostluğu” Səfir Kuboku keçirilib. Turnir Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Göygöl Rayon İcra Hakimiyyətinin, Azərbaycan Cüdo Federasiyasının və Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyinin birgə təşkilatçılığı ilə baş tutub. Yarışda 47 klub, cəmiyyət və idman təşkilatından olan 300-dən çox cüdoçu medallar uğrunda mübarizə aparıb. 2012-2014-cu il təvəllüdlü yeniyetmələr arasında təşkil olunan turnirdə qızlar və oğlanlar arasında 16 çəki dərəcəsində qaliblər müəyyənləşib. Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev və Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Cüniçi Vada fəxri qonaq qismində yarışları izləyiblər və qaliblərin mükafatlandırılması prosesində iştirak ediblər. Turnirin əsas məqsədi Yaponiya-Azərbaycan dostluq əlaqələrinin gücləndirilməsinə dəstək göstərmək, eyni zamanda kiçik yaşlı yeniyetmələr arasında idman vasitəsi ilə sağlam həyat tərzini formalaşdırmaq, cüdoçuların yarış təcrübəsini artırmaq, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır.