Göygöldə vətəndaş-məmur münasibətləri yeni mərhələdə

Payız-qış mövsümünə uyğun olaraq vətəndaşların problemlərinin həlli hər zaman diqqtə mərkəzində olub. İstər aidiyyatı qurumlar istər yerli qurumlar bu istiqamətdə davamlı addımlar atırlar. Bu gün Göygöl rayonunda bu istiqamətdə atılan addımlar və vətəndaşlara göstərilən diqqət və qayğıdan söhbət açacayıq.
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayevin rayona rəhbərliyindən keçən müddət ərzində aparılan araşdırmalar onu deməyə əsas verir ki, Cənab Prezident tərəfindən həyata keçirilən kadr siyasəti öz müsbət nəticəsini verməkdədir. Artıq məmurlar vətəndaşların problemləri ilə yerində maraqlanır, bu problemlərin həlli istiqamətində müsbət addımlar atılır.
E.Paşayev rayon rəhbəri kimi onu müraciət edən sakinlərlə maraqlanır, onları dinləyir. Davamlı olaraq vətəndaşlarla görüşən E.Paşayevlə bağlı Göygöl sakinlərində müsbət fikir formalaşıb. Rayon ağsaqqalı kimi görülən işlər məni də məmnun edir. Belə ki, Göygöl rayonu Üçtəpə kənd sakinlərinin keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi məqsədi ilə Göygöl Elektrik Şəbəkəsi tərəfindən qəzalı vəziyyətdə olan dayaqlar dəyişdirilmiş, yeni elektrik naqillər çəkilmiş və istismar müddəti bitmiş sayğaclar yenilənmişdir. Bu istiqamətdə işlər davam etdirilir.

İçməli su problemi həll olunur

Göygöl şəhərinin içməli su verilişinin bərpası ilə bağlı su xəttinin Toğanalı kəndi ərazisindən keçən d-450 mm plastik magistral hissəsi Göygöl rayon Sukanal idarəsi tərəfindən bərpa olunur.
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev görülən işlərlə yerində tanış olub, tapşırıq və tövsiyələrini bildirib. Hal-hazırda şəhərə içməli suyun verilişi qismən bərpa olunub, təmir işləri davam etdirilir.

Mütəmadi keçirilən görüşlər


Göygöl rayonu Quşçu kənd mədəniyyət evində Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayevin kənd sakinləri ilə səyyar qəbulu keçirilib. Qəbulda Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul şəxsləri, inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev keçirilən səyyar görüşlərin ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu qeyd edərək, dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, məhz bu uğurlu siyasətin ölkəmizin bütün istiqamətlər üzrə mühüm nailiyyətlər əldə etməsinə şərait yaratdığını vurğulayıb, eyni zamanda Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə vətəndaşlara məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib.
Qəbul zamanı bir qrup kənd sakinini dinləyən İcra başçısı mövcud problemlərin həlli, o cümlədən kəndin qazlaşdırılması, əkin sahələrinə gedən yolun təmir olunması, kəndin tam telefonlaşdırılması və digər məsələlərlə bağlı aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıq və tövsiyələrini bildirib.


Yusif Xancanov
Göygöl Rayon Ağsaqqalı