Güclü dövlət olan Azərbaycan Böyük Qayıdışı yüksək səviyyədə təmin etmək əzmindədir

Hazırda Azərbaycan dövləti üçün ən prioritet məsələ işğaldan azad olunan ərazilərin bərpası və Böyük Qayıdışın qısa müddətdə yüksək səviyyədə təmin edilməsidir. Güclü dövlət olan Azərbaycan Böyük Qayıdışı yüksək səviyyədə təmin etmək əzmindədir. Hazırda işğaldan azad olunan ərazilərdə görülən işlər bu gücü bir daha göstərir. Xatırladaq ki, işğal nəticəsində 7 rayon mərkəzi, 6 şəhər, 12 qəsəbə, 900-ə yaxın kənd, 700-dən çox xəstəxana və tibb müəssisəsi, 6 dövlət teatrı, 368 klub və 85 musiqi məktəbi, 150 min yaşayış evi və mənzil, 927 kitabxana, 44 məbəd, 9 məscid, 473 tarixi abidə, saray və muzeylər, 40 min muzey eksponatı, 160 körpü və digər infrastruktur obyektləri, 6000 sənaye, kənd təsərrüfatı və digər müəssisələr məhv edilib. Bu ərazilərdə vaxtilə 1 milyon hektardan çox kənd təsərrüfatı sahəsi, o cümlədən 127,7 min hektar suvarılan torpaq və 34,6 min hektar üzüm və meyvə bağları ziyan çəkib. Lakin bütün bunlara baxmayaraq işğaldan azad olunmuş ərazilərdə bu gün planlı şəkildə genişmiqyaslı bərpa və zəruri infrastrukturun yaradılması istiqamətində işlərə başlanılıb.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə deyib.

“Vətən müharibəsindən sonra dövlətimizin başçısı dəfələrlə işğaldan azad olunan ərazilərə səfərə gedib və müxtəlif infrastruktur obyektlərinin təməlqoyma və yaxud açılış mərasimlərinə qatılıb.

Ümumiyyətlə, işğaldan azad olunan ərazilərin bərpası xüsusi hazırlanmış sosial-iqtisadi konsepsiyaya uyğun olaraq həyata keçirilir. Konsepsiyaya uyğun olaraq planlaşdırmada əsas tutulan sahələrin, şəhərsalma və ərazi qurulması məsələlərinin həll olunması Azərbaycan iqtisadiyyatının inkişafına yeni təkan verəcək. Müxtəlif sahələr üzrə xarici şirkətlərin bərpa işlərinə investisiya yatırması yeni iqtisadi perspektivlərə imkanlar açır. Əhalinin bu ərazilərə qayıdışı, normal həyatın davam etməsi ilə regionda sülh və əmin-amanlıq da bərpa olunacaq. Prezident İlham Əliyevin bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə qeyd etdiyi kimi, Azərbaycan öz gücü ilə hər şeyi bərpa edəcək və Qarabağı da, Zəngəzuru da nümunəvi bir bölgə kimi quracaq. Belə olduqda beynəlxalq birliyin bu regiona baxışı tamam dəyişəcək. Bu da gələcəkdə Qarabağ regionunda beynəlxalq ictimai-siyasi, mədəni-kütləvi tədbirlərin keçirilməsinə rəvac verəcək”, - deyə Fuad Hüseynzadə qeyd edib.