Hacıqabulda şəhid Ruslan Baladovun adına bulaq kompleksinin açılışı olub 

Hacıqabul şəhərində anadan olmuş, 44 günlük Vətən Müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucalmış Baladov Ruslan Allahyar oğlunun xatirəsini əbədiləşdirmək məqsədilə tikilmiş bulaq kompleksinin açılışı olub.

“İki sahil” xəbər verir ki,  mərasimdə rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, rayon İcra Hakimiyyətinin bir qrup nümayəndələri, şəhidin dostları, ailə üzvləri və şəhər sakinləri iştirak ediblər. Şəhidin xatirəsi anılaraq xatirə bulağının önünə tər qərənfillər düzülmüşdür. Vətən Müharibəsi Şəhidlərinin keçdikləri döyüş yolundan, göstərdikləri qəhrəmanlıqlarından söhbət açılıb.

Rayon icra hakimiyyətinin başçısı Rüstəm Xəlilov şəhidin valideynlərinə baş sağlığı verib, Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin yürütdüyü daxili və xarici siyasəti nəticəsində 30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımızın azad olunmasından danışıb. Şəhid ailələrinə və müharibə iştirakçılarına, müharibədə sağlamlığın itirmiş vətəndaşlara ölkə rəhbərliyinin göstərdiyi hərtərəfli diqqət və qayğısını qeyd edib. Şəhid ailəsi göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirib.

Şəhid Baladov Ruslan Vətən Müharibəsində göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamları ilə «Vətən uğrunda», «Cəsur döyüşçü», «İgidliyə görə», «Suqovuşanın azad olunmasına görə» və «Füzulinin azad olunmasına görə» medalları ilə təltif edilmişdir.

Sonda Şəhidlərin ruhuna dualar oxunub.