Hacıqabulda Vətən Müharibəsi Şəhidi Tağıyev Röyalın xatirəsi doğum günündə anılıb

 

Hacıqabul rayonunun Qubalıbalaoğlan kəndində anadan olmuş, Vətən Müharibəsində Şəhidlik zirvəsinə ucalmış Tağıyev Röyal Tağı oğlunun xatirəsi onun doğum günündə məzarı önündə anılıb.

Xatirə tədbirində Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, YAP Hacıqabul rayon təşkilatının sədri Elnur Əmirəslanov, hüquq mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, rayon ictimaiyyətinin bir qrup nümayəndələri, şəhidin dostları, ailə üzvləri iştirak etmişdir.

Qubalıbalaoğlan kənd qəbiristanlığında Şəhidin məzarı ziyarət olunub, məzarı üzərinə tər qərənfillər düzülmüşdür. Vətən Müharibəsi Şəhidlərinin keçdikləri döyüş yolundan, göstərdikləri qəhrəmanlıqlarından söhbət açılıb. Rayon İcra Hakimiyyətinin Başçısı Rüstəm Xəlilov Şəhidin valideynlərinə baş sağlığı verdi, Müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyevin 44 günlük Vətən Müharibəsində dünyanı heyrətə salan daxili və xarici siyasətindən, ordumuzun qələbəsindən söhbət açdı. Bu gün Şəhid ailələrinə, müharibə iştirakçılarına və müharibədə sağlamlığını itirmiş vətəndaşlara Ölkə Rəhbərliyinin göstərdiyi hərtərəfli diqqət və qayğısından danışdı. Şəhid ailələrinin qayğılarının hər zaman dövlət başçının diqqətində olduğu vurğulandı.

Sonda Şəhidlərin ruhuna dualar oxundu.