Həmrəyliyimiz uğurlarımızın təməlidir

“Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!”- bu sözləri hər bir azərbaycanlının dilində kəlama çevrilən Ulu Öndər Heydər Əliyev dünya azərbaycanlılarının birlik kimi gücünün-qüdrətinin dəyərləndirilməsinin ilk təşəbbüskarı olmuşdur. Hamımıza yaxşı məlumdur ki, hələ 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi məhz Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etmişdi və bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə müraciət etmişdir. Yalnız bundan sonra dekabrın 25-də müvafiq təklif respublika parlamenti tərəfindən qəbul olunmuş və dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunması barədə qərar qəbul edilmişdir. Beləliklə də, Ulu Öndər “dünya azərbaycanlıları” anlayışını formalaşdırmışdır ki, bu da mahiyyət etibari ilə özündə birliyi ifadə edir. Dünya azərbaycanlıları dedikdə də təkcə azərbaycanlılar yox, tarixi azərbaycan torpaqlarında yaşayan bütün milli azlıqlar, Azərbaycan dövlətinin bütün vətəndaşları və xaricdə yaşayan azərbaycanlılar, bir sözlə Azərbaycan dövləti və xalqı ilə bağlılığı olan hər kəs başa düşülməlidir.

Ulu Öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə həm xalqın ideoloji baxımdan birləşməsinə nail olmuş, həm də milli hərəkatların təşkilatlanması üçün əlverişli mühit yaratmışdır. Elə bu təşkilatlanmanın ilk təşəbbüskarı da yenə Ulu Öndər özü olmuşdur. 9 noyabr 2001-ci il tarixdə məhz onun özünün sədrliyi ilə keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı ölkəmizin ictimai-siyasi həyatında baş vermiş mühüm hadisə olmaqla yanaşı, həm də müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına təsir göstərmişdir.

Dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı yaşadıqları ölkələrin ictimai-siyasi, mədəni həyatında əlbəttə, mühüm rol oynayır və müxtəlif bayramları qeyd edirlər. Həmrəylik günü isə onların hamısını vahid azərbaycançılıq ideyası ətrafında birləşdirən, milli dəyərlərimizə, xalqımızın dilinə, tarixinə sevgi və hörməti, eləcə də millətə bağlılıq hisslərini özünə təcəssüm etdirən xüsusi bayramdır. Ona görə də həmrəylik gününün qeyd edilməsi xüsusən xaricdə yaşayan azərbaycanlılarla əlaqə qurmaq və onlar arasında birlik yaratmaq baxımından çox vacibdir və bu bayram Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilmişdir.

Tarixi torpaqlarının parçalanmasına, müharibələrə, soyqırımlara məruz qalmış, bir qismi ata-baba yurdlarından məhrum edilmiş azərbaycanlılar üçün milli birliyin möhkəmlənməsi həm də bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından olduqca önəmlidir. Günü-gündən güclənən dövlətimizin və dünya azərbaycanlılarının lideri rolunu ən yüksək səviyyədə həyata keçirən cənab Prezidentin dəstəyi ilə xaricdə yaşayan soydaşlarımız son dövrlərdə, xüsusən də 44 günlük Vətən Müharibəsi dövründə və post müharibə vaxtı Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, mədəni irsimizin təbliğində, erməni lobbisinin ideoloji təxribatlarının qarşısının alınmasında daha da qətiyyətli fəaliyyət göstərirlər. Bütün bunlar cənab Prezidentin xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi siyasətinin uğurla həyata keçirilməsinin nəticəsidir. Azərbaycan diasporunun fəaliyyətindən danışarkən, başda qardaş Türkiyə olmaqla, türk dövlətlərinim diasporlarının birgə səmərəli əməkdaşlığına da xüsusi qeyd etməliyik.

Torpaqlarımızı düşmən işğalından azad edən 44 günlük Vətən Müharibəsi milli mənsubiyyətindən, dilindən, dinindən, siyasi əqidəsindən, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün azərbaycanlıların birliyinin və həmrəylinin son dövrlərdəki ən böyük təcəssümüdür. Ulu Öndərin Dünya Azərbaycanlılarının I Qurultayda söylədiyi “biz həmişə azərbaycançılıq ideyası ətrafında birləşməliyik” sözləri onun layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən, azərbaycan xalqı tərəfindən ləyaqətlə yerinə yetirildi. Bunun nəticəsidir ki, bu birləşmə sonda “dəmir yumruğ”u yaradaraq düşmən işğalına son qoydu, cənab Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı həm də Zəfər Qurultayı oldu, Dünya Azərbaycanlılarının V Qurultayı azad Qarabağda, azad Şuşada keçirildi.

Müharibə vaxtı harada yaşamasından asılı olmayaraq milyonlarla azərbaycanlı qələbəyə töhfə verə bilmək üçün əlindən gələn hər şeyi etmişdir, xüsusilə informasiya müharibəsində xaricdə yaşayan azərbaycanlıların fəaliyyəti çox əhəmiyyətli olmuşdur. Onlar erməni yalanlarına, düşmənin əsassız torpaq iddialarına layiqli cavablar verərək Azərbaycanın haqq səsini yaşadıqları ölkənin ictimaiyyətinə çatdırmışdır. 44 günlük Vətən Müharibəsində istər döyüş meydanında, istər informasiya müharibəsində, eləcə də Ali Baş Komandana və Ordumuza verdiyi dəstəklə Azərbaycan gəncliyi də bu həmrəylikdə mühüm rol oynamış, öz liderinin, Ali Baş Komandanın arxasında olduğunu sübut etmişdir.

Dünya azərbaycanlılarını birləşdirən dəyərlər onların qəlbində yaşayan milli ruh, Vətən sevgisi, Vətənə bağlılıq, azərbaycan dili və azərbaycan mədəniyyəti, azərbaycan tarixidir. Mədəniyyət paytaxtımız Şuşanın düşmən işğalından azad olunmasından sonra Dünya Azərbaycanlılarının V Qurultayının məhz Şuşada keçirilməsi həm bu dəyərlərə hörmət baxımından, həm də Şuşanın əsl Azərbaycan torpağı olduğunu, azərbaycanlıların Şuşaya, Qarabağa bağlılığını bir daha dünya ictimaiyyətinə çatdırmaq baxımından cənab Prezident tərəfindən verilmiş olduqca əhəmiyyətli və müdrik bir qərar olmuşdur.

Tarixi zəfərdən sonra dünya azərbaycanlıları daha xoşbxət, daha qürurludur, biz həm də daha güclü, daha həmrəy olmalıyıq. Dünya azərbaycanlıları həm olduqca şərəfli, qururlu, həm də məsuliyyəti bir dövrü yaşayır, biz qələbəmizi qorumalı, informasiya mübarizəmizi düzgün davam etdirməli, tariximizi öyrənməli, işğaldan azad olunmuş ərazilərin yenidənqurma işlərinə dəstək olmalı, dövlətimizə bu zəfəri bəxş edən cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşməli, xalq-iqtidar birliyini, dünya azərbaycanlılarının birliyini daha da möhkəmləndirməliyik. Xarici ölkələrdəki Azərbaycan diasporları da dövlətimizin yürütdüyü siyasətə uyğun olaraq Cənubi Qafqazda sülh və əməkdaşlığın, dövlətlərin ərazi bötövlüyünə hörmət edilməsinin zəruriliyini ifadə edən çağırışları dünyaya çatdırmalıdır. Bütün dünya azərbaycanlıları əmin olsun ki, bundan sonra da hər zaman Azərbaycan dövlətinin siyasi və mənəvi dəstəyini hiss etməyə davam edəcəklər.

 

Milli Məclisin Müdafiə, təhlükəsizlik

və korrupsiya ilə mübarizə komitəsinin

sədri Ziyafət Əsgərov