Hər bir çağırış bir ümid, təhlükəsiz gələcəyə xidmət edən addımdır

“Azərbaycanın bu gününü dünəni ilə müqayisə etdikdə bu fikri böyük qürurla qeyd edirik ki, davamlı uğurları, tarixi həqiqətlərə, ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasəti nəticəsində tarixi Zəfərə imza ataraq hazırda qlobal məsələlərin müzakirə olunduğu məkan kimi mövqeyini daha da möhkəmləndirir. Artıq Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlər silsilə xarakteri daşıyır. Bu, ölkəmizin beynəlxalq nüfuzunun, söz sahibliyinin göstəricisidir. Dövlət başçısı İlham Əliyev keçirilən bütün tədbirlərdəki çıxışlarında bu fikri xüsusi qeyd edir ki, Azərbaycan ədaləti və beynəlxalq hüququ müdafiə edir. Martın 9-da keçirilən “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu da bu baxımdan mühüm önəm daşıyır. Ölkə Prezidenti Azərbaycanın sülh gündəliyinin, yeni əməkdaşlıq formatlarının müəllifi kimi dünyaya çağırışlarını və onların fonunda gözləntilərini, ümidlərini çatdırdı. Foruma bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrinin, 4 Prezidentin, 2 Baş nazirin, 6 spikerin və nazirin, BMT-nin 5 qurumunun rəhbərliklərinin, 25 sabiq prezidentin, 21 sabiq Baş nazirin, 23 ölkənin xarici işlər nazirlərinin müavinlərinin, ümumilikdə 61 ölkədən 360-dək nümayəndənin qatılması müzakirə olunan məsələnin aktuallığının təsdiqidir. Bir mühüm məqamı da qeyd etməliyik ki, tədbirlər keçirildikləri məkan baxımından da diqqətdə olurlar. Azərbaycan artıq iqtisadi, siyasi, humanitar mərkəz kimi nüfuzunu günbəgün artırır.”

Bu fikirləri Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib.

Millət vəkilinin sözlərinə görə, iki il öncə Azərbaycanın tarixi Zəfərə imza atması regionda və dünyada yeni reallıqlar yaratdı: “Bu reallıqlar fonunda yeni dünya düzənin formalaşdırılması günün əsas çağırışları sırasında oldu. Ümumilikdə hər bir çağırış bir ümid, təhlükəsiz gələcəyə xidmət edən addımdır. Forumda yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına diqqət yönəldildi. Qarşıda duran çağırışların həlli yolları müzakirə olundu, dünyanı sarsıdan münaqişələrə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi məsələlərinə toxunuldu, postpandemiya dövründə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparıldı.  İştirakçılar Avropanın gələcəyi ilə bağlı təsəvvürlərini bölüşdülər.”

Əliabbas Salahzadə qeyd edib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq mərkəzə çevrilib: “Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır. X Qlobal Bakı Forumunun iştirakçılarının fikirləri də bu reallığı təsdiqləyir. Bir daha qeyd edildi ki, hazırda dünyada mədəniyyətlər arasında parçalanmanın baş verdiyi və bu sahədə ciddi təhdidlərin mövcud olduğu bir dövrdə Prezident İlham Əliyevin  rəhbərliyi ilə  bu önəmli Forum çox lazımlı bir vaxtda təşkil edilib. Çox sayda ölkədən tanınmış siyasi və ictimai xadimlərin, digər nümayəndələrin burada iştirakı tədbirin nüfuzunun göstəricisidir. Çağırışlarda bu mühüm məqam xüsusi qeyd edildi ki, münaqişələr müəyyən problemlər yaradır. Xalqlar arasında harmoniya yaradılmalıdır. Narahatlığı aradan qaldırmaq, pozitiv dəyişikliyə getmək gərəkdir.”

“Azərbaycan Qərblə Şərq arasında mədəni körpü qurulması işinə böyük töhfələr verir. Davamlı olaraq keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər Azərbaycanın körpü roluna yeyi-yeni əlavələr edir. Daim sülhə, təhlükəsizliyə, əməkdaşlığa çağırışlar edən Azərbaycanın xarici siyasətinin prinsiplərinin dəyişməzliyi ona inamı, etimadı daha da artırır. Dövlət başçısı İlham Əliyev Forum çərçivəsində keçirilən görüşlərdə bu mühüm tədbirə də diqqəti yönəltdi ki, gələn il BMT ilə birgə Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. Tolerant, multikultural dövlət olan Azərbaycanda tarixən müxtəlif mədəniyyətlərin və dini konfessiyaların nümayəndələri dinc yanaşı yaşayıblar. Bu mühüm məqam Azərbaycanın müxtəlif sivilizasiyaların bir araya gəlməsində əhəmiyyətli addımlarına stimul verir”,- deyə millət vəkili vurğulayıb.

Əliabbas Salahzadə bildirib ki, bu tədbirlər tarixi həqiqətlərimizin, 30 illik işğal və postmünaqişə dövrünün reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılmasında öz sözünü deyir: “Cənab İlham Əliyev Azərbaycanın Qarabağ münaqişəsinin dinc yolla həlli istiqamətində göstərdiyi səylərdən geniş bəhs edərək Ermənistanın və ona havadarlıq edən dövlətlərin problemin nizamlanması prosesinin uzadılmasında maraqlı olduqlarını əsaslı şəkildə diqqətə çatdırdı. İki ildən artıqdır ki, Qarabağ münaqişəsi tarixə qovuşub. Hazırkı dövrün əsas çağırışı  Ermənistanla sülh müqaviləsinin imzalanması, regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasıdır. X Qlobal Bakı Forumu bu kimi çağırışların və onların doğurduğu ümidlərin məcmusu oldu. Əsas hədəf bu çağırışların reallıqda öz əksini tapması üçün hər bir ölkənin malik olduğu təcrübəni ortaya qoyaraq səylərin birləşdirilməsidir.”